Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin işi üzrə proses davam etdirilir.
Bbugünkü iclasda onun barəsində həbs qətimkan tədbirinə yenidən baxılıb.
Sabiq nazir səhhəti ilə bağlı problemlərinin olduğunu və penitensiar müəssisədə tələb olunan gündəlik reabilitasiya prosedurlarından keçə bilmədiyini deyib. O, Gürcüstanda müalicəsi mümkün olmayan spesifik xəstəlikdən əziyyət çəkdiyini vurğulayaraq məhkəmədən bu halları nəzərə almağı xahiş edib.
Məhkəmə Burçuladze barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Qeyd edək ki, Burçuladze bu ilin sentyabrın 11-də saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittham olunur. Bu cinayət əməlləri 9 ildən 12 ilədək həbslə cəzalandırılır.
Xatırladaq ki, Burçuladze Gürcüstanın müdafiə naziri postunu 2021-2024-cü illərdə tutub.