Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçirilən iclası ərəfəsində minlərlə avropalı fermer Aİ ilə Mercosur ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişinə qarşı etiraz aksiyası keçirib.Bu barədə yerli KİV xəbər verir.
Fermerlər traktorlarla Belçika paytaxtına daxil olaraq Aİ Şurasının binası istiqamətində yürüş ediblər. Etirazçılar sazişin Avropa fermerləri üçün ədalətsiz rəqabət yaradacağını bildiriblər. Aksiyada on min nəfərin iştirak etdiyi və onların əksəriyyətinin Fransadan gəldiyi bildirilir. Etirazlar, həmçinin Aİ-nin kənd təsərrüfatına ayrılan subsidiyalarda mümkün ixtisarlar və Brüsselin tətbiq etdiyi qaydalara qarşı yönəlib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iclasdan əvvəl Avropa fermer təşkilatı “Copa-Cogeca”nın nümayəndələri ilə görüşüb.
Sazişin dekabrın 20-də Braziliyada imzalanması nəzərdə tutulur. Lakin bunun üçün Aİ ölkələri arasında lazımi səs çoxluğunun təmin olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. Sənədlə bağlı danışıqlar 1999-cu ildən aparılır. Sazişə əsasən, 700 milyondan çox əhalini əhatə edən Aİ-Mercosur azad ticarət zonasının yaradılması nəzərdə tutulur.