MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətinin Valday şəhərindəki iqamətgahına hücum cəhdi etmədiyi qənaətinə gəlib. Bu barədə The Wall Street Journal mənbələrə istinadən yazıb.
Məlumata görə, dekabrın 29-na keçən gecə Ukrayna pilotsuz təyyarələrinin eyni bölgədə yerləşən hərbi obyektə hücum etməyə çalışdığı, lakin bu obyektin Putinin iqamətgahının yaxınlığında olmadığı bildirilib. ABŞ kəşfiyyatı hücumları peyk və radarlar vasitəsilə izləyib.
MKİ direktoru Con Ratkliff məlumatları ABŞ Prezidenti Donald Trampa təqdim edib. Bundan sonra Tramp sosial şəbəkədə Ukraynanın iqamətgaha hücum etmədiyini bildirən paylaşıma istinad edib.
MKİ şərh verməkdən imtina edib.
Moskva isə 91 Ukrayna PUA-sının Valdaydakı iqamətgaha hücum etdiyini iddia edir. Ukrayna bu iddianı təkzib edir.