Makron Trampın Davos ritorikasına cavab verdi: Avropa təzyiqə boyun əyməyəcək
Avropa təzyiq və qorxu siyasətinə tabe olmayacaq. Bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirdiyi ritorika və təhdidlərə sərt reaksiya verərək bildirib.
Bir sıra Avropa liderlərinin mövzuya təmkinli yanaşmasına baxmayaraq, Makron prinsipial mövqe nümayiş etdirib. O, Trampın yanaşmasının Avropanın “vassallaşması” riskini artırdığını deyərək, “Fransa və Avropa güclülərin qanununu qəbul etməyəcək”, – söyləyib.
Makron vurğulayıb ki, dünya “qaydasızlıq” mərhələsinə daxil olsa belə, Avropa ərazi bütövlüyünü və qanunun aliliyini müdafiə etməkdə davam edəcək. Onun sözlərinə görə, bu mövqe Avropa İttifaqı tərəfindən sərt cavab tədbirlərini də istisna etmir.
“Biz quldurluqdansa hörmətə üstünlük veririk. Qanunun aliliyini qəddarlıqdan üstün tuturuq”, – Fransa prezidenti qeyd edib.
Makronun çıxışı Trampın Fransa şərabı və şampanına yüksək tariflər tətbiq edəcəyi ilə hədələməsindən və Makronla bağlı şəxsi mesajları yaymasından sonra baş verib. Şənbə günü Tramp ABŞ-ın Qrenlandiyanı əldə etməsinə icazə verilənə qədər, fevralın 1-dən etibarən bir sıra Avropa müttəfiqlərinə yeni tarif dalğası tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Aİ-nin əsas üzv ölkələri bu bəyanatları qınayaraq, onları şantaj kimi qiymətləndirib.
Gülnar