Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar –Paşinyan
Qarabağda döyüşlərin sona qədər davam etməsi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir.
Bu sözləri martın 26-da jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, 2023-cü ildə Dağlıq Qarabağ hadisələrindən sonra Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib və hərbi əməliyyatların nəticələri ətraflı təhlil olunub. Onun sözlərinə görə, döyüşlərin sonadək davam etməsi barədə iddialar “yumşaq desək, reallığa uyğun deyil”
.
Baş nazir bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, silahların böyük hissəsinə – təxminən 80-90 faizinə ümumiyyətlə toxunulmayıb.
“Onların sona qədər vuruşduqları barədə iddialar mifdir. Bu, yalandır. Belə bir şey olmayıb, qaçıblar”, – deyə Paşinyan vurğulayıb.
Paşinyan əlavə edib ki, bu hadisələr eyni zamanda Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək məqsədi daşıyan planın bir hissəsi olub. Onun iddiasına görə, bəzi qüvvələr 44 günlük etirazlar fonunda hakimiyyət dəyişikliyinə nail olmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Baş nazir həmin şəxslərin nə Ermənistanı, nə də Qarabağ ermənilərini təmsil etdiyini və legitimliklərinin olmadığını bildirib. O, həmçinin qeyd edib ki, rəsmi İrəvan əvvəllər siyasi dialoq üçün şərait yaratsa da, Qarabağdakı bəzi dairələr bu prosesə mane olub və öz addımları ilə vəziyyəti daha da gərginləşdiriblər.
Paşinyanın sözlərinə görə, həmin şəxslər sonradan Qarabağı tərk edərək Ermənistan hakimiyyətini sərhədi bağlamaqda ittiham ediblər.
“Onlara xəbərdarlıq etmişdim ki, getsələr, geri qayıda bilməyəcəklər”, – o əlavə edib