Kanada ABŞ-dən idxal olunan mallara 50%-dək rüsum tətbiq edir
Kanada hakimiyyəti sentyabrın 8-dən etibarən ABŞ-dən idxal olunan bir sıra məhsullara 15%, 25% və 50% həcmində gömrük rüsumları tətbiq edir.Bu barədə Kanada Maliyyə Nazirliyinin bəyanatında bildirilib.
Bəyanata əsasən, cavab rüsumları ümumi dəyəri təxminən 20 milyard dollar olan Amerika mallarına şamil ediləcək. Rüsumlar avtomobil və motosikletlərə, məişət texnikasına, kənd təsərrüfatı avadanlıqlarına, elektrik cihazlarına, kağız və kartona tətbiq olunacaq.
Bununla yanaşı, polad, alüminium və onlardan hazırlanan məhsullara tətbiq edilən rüsumlar 25%-dən 50%-ə qaldırılır.
Kanada həmçinin ABŞ-ın rüsumlarından zərər çəkən işçilər və kommersiya təşkilatları üçün 5,4 milyard dollarlıq dəstək paketi elan edib. Yardım işsizlik müavinətlərinin alınması üçün sadələşdirilmiş prosedurları, eləcə də müəssisələr üçün kredit proqramlarını nəzərdə tutur.
İyul ayında ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara 50 faizlik rüsum tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalayıb. Daha sonra ABŞ lideri Kanada ilə ticarət sazişi bağlamaq məqsədilə bu tədbirlərin tətbiqini təxirə salıb. Lakin tərəflər yeni razılaşmalara nail ola bilməyiblər.
Şənbə günü Kanadadan ABŞ-a ixrac olunan 20 milyard dollar dəyərində mallara 50 faizlik Amerika rüsumları qüvvəyə minib. Bazar ertəsi Tramp həmçinin bildirib ki, 2027-ci il yanvarın 1-dən etibarən Kanadada istehsal olunan avtomobillərə, yük maşınlarına, avtomobil hissələrinə və polada ABŞ-ın tətbiq etdiyi rüsumlar 50% təşkil edəcək.
Kanadanın Baş naziri Mark Karni isə öz növbəsində bildirib ki, Ottava ABŞ-ın addımlarına simmetrik cavab verəcək.