Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün – 2027-ci il yanvarın 29-dək uzadılması barədə fərmanlar imzalayıb.
Sənədlər Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin 21-ci dəfə uzadılmasıdır.
Hərbi vəziyyət dövründə 18-60 yaşlı hərbi vəzifəli kişilər yaşadıqları və ya olduqları yer üzrə hərbi qeydiyyatda olmalı, şəxsi məlumatlarını vahid dövlət reyestrində vaxtında yeniləməlidirlər.
Onlar həmçinin üzərlərində pasport və kağız və ya elektron formada hərbi qeydiyyat sənədi daşımalı, müəyyən edilmiş müddətlərdə ərazi komplektləşdirmə mərkəzlərinə və ya təlim mərkəzlərinə gəlməlidirlər.
Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilən və möhlət üçün qanuni əsasları olmayan 25-60 yaşlı kişilər məcburi səfərbərliyə cəlb edilirlər.
18-25 yaşlı kişilər isə yalnız qanunla nəzərdə tutulan hallarda, o cümlədən ehtiyatda olan zabit olduqda və ya əvvəllər müddətli hərbi xidmət keçdikdə səfərbərliyə cəlb oluna bilərlər. Digər hallarda onlar hərbi xidmətə könüllü qoşula bilərlər.