COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər

BMT-nin COP21–COP30 iqlim konfranslarının prezidentləri Türkiyənin Antalya şəhərində keçirilən COP31-ə dəstək məqsədilə birgə bəyanat qəbul ediblər.
Bunu COP31-in prezidenti Murat Kurum "Keçmiş COP prezidentlərinin birgə bəyanatı" adlı tədbirdə bildirib.
O, sələfləri tərəfindən hazırlanmış sənədi alqışlayaraq birgə qərarların real dəyərinin onların icrası ilə müəyyən olunduğunu deyib.
"Biz COP31-i praktik fəaliyyət konfransına çevirmək istəyirik", – Kurum bildirib.
O xatırladıb ki, Paris Sazişinin qəbul edilməsi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əsasını qoyub, Mərakeşdə keçirilən konfransda qəbul olunan qərarlar isə sazişin icrasına hazırlığı gücləndirib.
COP31 prezidentinin sözlərinə görə, Paris Sazişinin qüvvədə olmasının ikinci onilliyində emissiyaların azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və maliyyələşdirmə sahələrində praktiki tədbirlərin sürətləndirilməsi prioritet olmalıdır.
O qeyd edib ki, 2025-ci il üçün milli səviyyədə müəyyən edilmiş töhfələrə dair ümumiləşdirici hesabat əldə olunan irəliləyişlə yanaşı, öhdəliklərin daha fəal icrasına ehtiyac olduğunu da göstərib.
Bu baxımdan Kurum 2035-ci ilədək dövrü əhatə edən milli iqlim öhdəliklərini hələ təqdim etməyən bütün tərəfləri bunu mümkün qədər tez etməyə çağırıb.
O vurğulayıb ki, Türkiyənin COP31-ə sədrliyi dialoq, konsensus və praktiki fəaliyyət prinsiplərinə əsaslanır. Bu yanaşma Avstraliya ilə əməkdaşlıqda da əsas götürülür. Onun sözlərinə görə, danışıqlar və qəbul edilən qərarların icrası bir-birini tamamlamalıdır.
COP31-in fəaliyyət gündəliyinə 10 istiqamət daxildir. Bunlara sıfır tullantı konsepsiyası, metan emissiyalarının azaldılması, enerji təhlükəsizliyi, yaşıl sənayeləşmə, nəqliyyat və digər sektorların elektrikləşdirilməsi, ərzaq təhlükəsizliyi, okeanlar və dənizlərlə bağlı məsələlər daxildir.
Kurum həmçinin 2035-ci ilədək qlobal son enerji istehlakında elektrik enerjisinin payının 35 %-ə çatdırılmasını nəzərdə tutan "2035-ə qədər 35" qlobal elektrikləşdirmə təşəbbüsünün qazıntı yanacaqlarından qaynaqlanan emissiyaların azaldılmasına töhfə verəcəyini bildirib.
O, bu hədəflərə nail olmaq üçün maliyyələşdirmənin vacibliyini vurğulayaraq ölkələri vəd etdikləri vəsaitləri ehtiyacı olan dövlətlərə mümkün qədər tez təqdim etməyə çağırıb.
























