Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq

Danimarka və Ukrayna Kiyevə 645 milyon avro məbləğində yeni hərbi yardım paketinin ayrılması barədə razılığa gəlib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
"Ukrayna üçün 645 milyon avroluq yeni müdafiə paketi var", – Zelenski Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, yardım paketi əsasən zərbə və müdafiə təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) alınmasının maliyyələşdirilməsini, F-16 qırıcıları üçün döyüş sursatlarının tədarükünü və PURL proqramına dəstəyi nəzərdə tutur.
Zelenski Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna ballistik hücumlarını davam etdirdiyi bir vaxtda bu dəstəyin vacib və vaxtında olduğunu bildirib.
Tərəflər əlavə humanitar yardımı da müzakirə ediblər. Danimarka Xerson vilayətinin enerji təminatı üçün 20 milyon avro ayırmaq qərarına gəlib.
Zelenski bildirib ki, Xersona dəstək regionun işğaldan azad edilməsinin dördüncü ildönümü ərəfəsində xüsusilə əhəmiyyətlidir.
Görüşdə, həmçinin "Drone Deal" təşəbbüsü çərçivəsində əməkdaşlığın nəticələri, silahların birgə istehsalının genişləndirilməsi və FREYJA antiballistik proqramı üzrə iş müzakirə olunub.
Son xəbərlər 
Daha çox 























