HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Təhlükəsizlik Xidməti (Şin Bet) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürdüklərini açıqlayıblar.
Bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Əbu Yunis sentyabrın 15-də əvvəlki briqada komandiri Nail Əbu Ubeydin öldürülməsindən sonra, təxminən iki ay əvvəl bu vəzifəyə təyin olunub.
O, bundan əvvəl briqada komandirinin müavini və "Təl əs-Sultan" batalyonunun komandiri də daxil olmaqla, bir sıra vəzifələrdə çalışıb və HƏMAS-ın ali rəhbərliyində əsas fiqurlardan biri olub.
İsrail ordusunun bəyanatına görə, Əbu Yunis vəzifədə olduğu müddətdə İsrail sakinlərinə və hərbçilərinə qarşı hücumların hazırlanması və həyata keçirilməsi barədə göstərişlər verib. O, həmçinin müharibə zamanı ciddi zərər görmüş "Rəfah" briqadasının və bütövlükdə HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.
























