Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının görkəmli aktyoru Yasin Qarayev ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Bu barədə Open.az-a məlumat verən xalq artisti bildirib ki, ölkə başçısına müraciət etməsinin səbəbi son dövrlərdə Gənc Tamaşaçılar Teatrında baş verən hadisələr, daha dəqiqi yaş senzi məsələsi adı ilə özü və bəzi həmkarlarının işdən azad edilməsi olub.
Müraciətdə deyilir: "Məhz sizlərin diqqət və qayğısı ilə ən böyük fəxri ad olan "Xalq artisti" tituluna layiq görülmüşəm. Bu həm tamaşaçılarıma, həm də mənə son dərəcə böyük qiymətdi. Mən bununla qürur duyuram. Eyni zamanda siz mənə təqaüd də ayırmısınız. Bunun üçün də Sizə sonsuz ehtiramımı bildirirəm. Ancaq bir məsələ məni çox narahat edir. Elə bilməyin ki, mən göstərdiyiniz diqqət və qayğıdan narazıyam. Xeyr, bu mümkünsüz işdi. Sadəcə, yaş məsələsi ilə bağlı məni teatrdan uzaqlaşdırıblar. Bu isə işləmək, Allahın verdiyi istedadı xalqıma sərf etmək imkanıma qoyulan bir sərhəddir. Mən isə işləmək istəyirəm. Çünki canımda, qanımda teatr-səhnə odu tükənməzdi. Özüm də kifayət qədər gümraham. Ona görə də Sizə üz tutmağa məcbur oldum. İçimdə bir inam var ki, Siz yaşlı bir aktyorun, Sizin sayənizdə "Xalq artisti" fəxri adını almış bir səhnə adamının arzusunu nəzərə alacaqsınız. Onun teatrda qalıb öz tamaşaçılarına təbəssüm bağışlamasına köməklik göstərəcəksiniz.”
Xatırladaq ki, Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin qərarı ilə xalq artistləri - Yasin Qarayev, Ağaxan Salmanlı, Lətifə Əliyeva, əməkdar artistlər - Atabala Səfərov və Rahib Əliyev işdən çıxarılıb. Buna səbəb kimi aktyorların pensiya yaşına çatmaları göstərilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !