XİN: Belçikalı deputatların adı arzuolunmaz şəxslər siyahısına salınacaq

14:45 | 17.03.2016
XİN: Belçikalı deputatların adı arzuolunmaz şəxslər siyahısına salınacaq

XİN: Belçikalı deputatların adı arzuolunmaz şəxslər siyahısına salınacaq

"Belçikanın Flamand regionunun yerli qanunverici orqanının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı müvafiq araşdırma aparılaraq bu şəxslərin adları arzuolunmaz şəxslər siyahısına salınacaq”.
 
Bunu APA-ya Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev 15 mart tarixində Belçikanın Flamand regionunun yerli qanunverici orqanının bir qrup üzvünün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, bu səfər "Avropa ermənilərinin ədalət və demokratiya naminə federasiyası” tərəfindən təşkil edilib və federasiyanın prezidenti Kaspar Karampetyan səfər zamanı onları müşayiət edib: "Bu səfərdə iştirak etmiş regional deputatlar Belçika daxilində və onun hüdudlarından kənarda radikal separatizmi dəstəkləyən baxışlara malikdirlər. Hətta onların bəziləri etnik və dini zəmində nifrəti təşviq edən mövqeləri ilə fərqlənirlər. 
 
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək bu şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi gücdən istifadə edərək təcavüzü, ölkəmizin ərazilərinin işğalı və işğal olunmuş torpaqlarda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticəsində yaradılmış qondarma rejimin təşviq olunmasına xidmət edirlər. Bu kimi qeyri-qanuni səfəri həyata keçirərək onlar Azərbaycan Respublikasının "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, "Dövlət Sərhədi haqqında” Qanunlarını və Miqrasiya Məcəlləsini pozublar. Müvafiq araşdırma aparılaraq bu şəxslərin adları arzuolunmaz şəxslər siyahısına salınacaq”.
 
H. Hacıyev əlavə edib ki, erməni diaspor dairələri də bu kimi təxribatçı əməllərlə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına maneə olmağa çalışır: "Beynəlxalq hüquq, Belçika və Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi ilə ziddiyyət təşkil edən bu əməllər barəsində Belçika Krallığının icraedici və qanunverici orqanlarına etiraz müraciətləri göndəriləcək”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM