Azərbaycanın Ermənistanın COP29-da iştirak edib-etməyəcəyi ilə bağlı hər hansı məlumatı yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan da bu məsələ ilə bağlı qəti fikir bildirməyib. Bunu Report-a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Sülh sazişinə gəlincə isə o bildirib ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri arasında mütəmadi olaraq saziş layihəsi ilə bağlı təkliflər mübadiləsi aparılır, hər bir tərəf öz şərhini verir.
"İndiyədək 10 belə mübadilə təşkil olunub. Ermənistan tərəfi sonuncu dəfə avqustun sonunda, Azərbaycan tərəfinin şərhlərini təqdim etdikdən təxminən 70 gün sonra şərh göndərib. Ümumiyyətlə, son bir neçə ildə onlar əsasən ziddiyyətli bəyanatlarla məhdudlaşıblar. Onlar sülh prosesinin reallıqlarını təhrif edirlər", - Hacızadə deyib.
O həmçinin söyləyib ki, Ermənistan hazırda razılaşdırılmış müddəalar əsasında sülh sazişinin imzalanmasını təklif edir. Lakin Azərbaycan bu cür yanaşmanı qəbuledilməz hesab edir və bunu dəfələrlə bəyan edib. Belə bir qayda var ki, sənədin bütün bəndləri razılaşdırılmayana qədər o razılaşdırılmış hesab edilmir.
Yalnız onu deyə bilərik ki, hazırda müddəaların təxminən 80%-i razılaşdırılıb. Sadəcə olaraq uyğun olmayan maddələri istisna etmək mümkün deyil. Sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra sahələrdə qalan problemli məsələlərə aydınlıq gətirmək lazımdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan sülh sazişi imzalamaq üçün ilk növbədə hazırda Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Konstitusiyasına müvafiq dəyişikliklər etməlidir. Ermənistan bu iddiaları qanunvericilik aktlarından çıxarmayana qədər iki ölkə arasında sülhdən söhbət gedə bilməz", - Hacızadə vurğulayıb.
Hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi ilə bağlı növbəti görüşünün yeri və tarixi ilə bağlı konkret qərar yoxdur.
Regional kommunikasiyaların açılması haqqında
Hacızadənin sözlərinə görə, Azərbaycan həmişə regionda kommunikasiyaların açılmasında maraqlı olub.
"Üçtərəfli bəyanat çərçivəsində (10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderləri tərəfindən) bu prosesin irəliləməsi üçün uzun müddətdir ki, səylər göstərilir. Ermənistan tərəfi bu sənəd çərçivəsində öz üzərinə müəyyən öhdəliklər götürüb. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəlikləri olduğu və nəqliyyat kommunikasiyalarına nəzarətin necə təşkil ediləcəyi açıq şəkildə göstərilir. Lakin 4 ilə yaxındır ki, Ermənistan Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü yazılı öhdəlikləri yerinə yetirmir", - XİN sözçüsü deyib.
Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərində mühüm infrastruktur və nəqliyyat layihələrini həyata keçirməkdə davam edir
Amma İrəvan son 4 ildə ancaq prosesə mane olmağa çalışıb. Bunu nəzərə alan Azərbaycan kommunikasiyaların açılmasının alternativ yollarını da nəzərdən keçirib. Məsələn, Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək avtomobil və dəmir yolunun tikintisinə dair saziş imzalayıb.
Hacızadənin fikrincə "əgər Ermənistan tərəfi həqiqətən də regionda kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. İrəvan qeyri-konstruktiv mövqeyi ilə özünütəcrid siyasəti apardığını bir daha sübut edir".
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !