Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədovun səfirliyin ikinci katibi Qafqaz Aslansoyla birlikdə səfirliyin birinci katibi Rəhman Şahhüseynlini döyməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil. Bu barədə Anews.az-a XIN sözçüsü Ayxan Hacızadə məlumat verib.
"Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir", - Hacızadə vurğulayıb.
Onun sözlərinə görə, Rəhman Şahhüseynli səfirlikdə birinci katib vəzifəsində çalışdığı müddətdə diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib.
"Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb. Aparılan araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib", - Hacızadə açıqlayıb.
2024-cü ilin sentyabrında işdən çıxarılan Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin döyülməsi ilə bağlı məlumatlar yerli mediada bu gün yer alıb.
İlk əvvəl bu xəbər jurnalist Qənimət Zahid tərəfində "Facebook" hesabında paylaşılıb, daha sonra yerli mətbuatda yer alıb.
Rəhman Şahhüseynli Türkiyənin Orta Doğu Texniki Universitetində magistratura, Yaponiyanın Osaka Universitetində Beynəlxalq İctimai Siyasət üzrə fəlsəfə doktoru təhsili alıb.
Hadisədə adı çəkilən səfir Arif Məmmədov 2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub.
Onun səfir təəyinatına qədər son iş yeri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyi olub. O, 2023-cü ildən Yunanıstanın səfiridir.
Firayə Nurizadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !