Xınalıq – təzadlı təəssüratlar məkanı - KÖŞƏ

12:22 | 09.06.2015
Xınalıq – təzadlı təəssüratlar məkanı - KÖŞƏ

Xınalıq – təzadlı təəssüratlar məkanı - KÖŞƏ

Orxan Aslanlı

Azərbaycanın bir çox bölgələrində olmuşam. Amma budəfəki səfərim və məndə yaranan təəssüratım tamamilə fərqlı idi. Çünki bu kəndin adı, təbiəti, əhalisi ayrı bir dünya oldu mənim üçün... Geri dönəndə təzadlı hisslər yaşayırdım – təbiətin gözəlliyi məni nə qədər məftun etmişdisə, orada yaşayan insanların həyat tərzi, davranışı bir o qədər təəccüb yaratmışdı…

Haqqında söhbət açacağım kənd dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Xınalığa gedən yolu sıldırım qayalar, qəribə, bir az da vahiməli görünüşlü dağlar, hündür-hündür ağaclar müşayiət edir. Amma yol uzandıqca bu hisslərdən azad olursan – yeni təəssürat meydana gəlir: artıq dağlar adama qucaq açır, hansısa xətalardan qoruyur, özünü əmin-amanlıqda hiss edirsən. Kəndə yol çox uzaqdır, əlbəttə, ilk dəfə buralara gələn adam üçün hər şey maraqlıdır - təbiətin əzəməti fonunda hər şey adama cəlbedici gəlir. Amma yol uzandıqca "yəqin ki, buraların da ağır xəstəsi olur, uşaq dünyaya gətirən ana olur, uşaq olur, qoca olur, onlar necə həkimə, xəstəxanaya çatdırılır” – sual etməkdən özünü saxlaya bilmirsən.  Hələ bu yerləri qış mövsümündə təsvir edəndə necə bir keçilməz durumun yarandığı göz önündə canlanır. 

Xınalıq kəndinə çata-çatda bizi yağış yaxaladı. Girişdə məntəqə tipli bir yer var idi və yol dəmir şlaqbaumla bağlanmışdı. Əvvəl maraq və təəccüb bizi götürdü: Bu nədir? Yolu niyə bağlayıblar? Giriş qadağandır, yoxsa xüsusi icazə almaq lazımdır? Bəlkə artıq başqa ölkə ərazisinə keçirik? 

Elə bu zaman cavan bir oğlan bizə yaxınlaşdı və kəndə girişin pullu olduğunu bildirdi - hər adama 2 manat. Heyrət bizi götürdü, neçə kilometr yol qət edəsən, bu qədər xərc çəkəsən və kəndə daxil olmağa da haqq ödəyəsən. Pul ödəmək o qədər də önəmli deyil, amma bunun qanuni olub-olmaması əsas idi. 

Qarşımızı kəsən gəncdən pulu nə səbəbə ödəmək lazım olduğunu soruşduqda belə cavab aldıq: "Xınalıq qədim yerdir, həm də kəndin aşağı hissəsində muzey var. Kənddə istənilən yerə getmək, baş çəkmək sərbəstdir. Amma girişdə mütləq ödəniş olmalıdır”. Ödənişin heç bir qanuni tərəfini izah edə bilməyən oğlanla qısa söhbətdən sonra kəndə pulsuz daxil olmağı bacardıq. 

Kənd, həqiqətən də, ayrı bir dünya, ayrı bir planet idi. Göz hansı tərəfə baxırdısa, ora bir tablo, bir incəsənət nümunəsi idi. Sanki hansısa bir muzeydə dayanmısan və mahir bir rəssamın firçasından çıxan rəsm əsərinə tamaşa edirsən – qədmi evlər, daş yollar, əzəmətli və füsunkar təbiət qoynunda.

Kəndə nə qədər turist gəlir-gəlsin, yerli əhali onları təəccüb və maraq dolu baxışlarla qarşılamaq adətindən vaz keçməyib. Biz də bu cür münasibətin müşayiəti ilə kənd mərkəzinə doğru irəliləyirdik.

Mənim üçün ən çox təsirli səhnələrdən biri kənddə balaca uşaqların əl işləri satmaları oldu. Yəqin ki, evdəki böyüklər bu əl işlərini – yun corablar, balaca əl çantaları və s. toxumuş və satmaq üçün evdəki uşaqları küçələrə salmışdılar. Bəlkə də mahiyyətini belə anlamayan  balaca uşaqlar əllərindəki toxunmaları kəndə maşınla daxil olan qonaqlara, turistlərə tərəf uzadırdılar. Bu mənzərəyə çox baxa bilmədim. Həmin balaca uşaqlardan birinə yaxınlaşıb neçənci sinifdə oxuduğunu soruşdum. Dedi ki, sentyabrdan  4-cü sinifdə oxuyacaq. Bəlkə də uşağı evdən buna məcbur edirlər, demək çətindir. Amma görünən o idi ki, uşaq bu əl işlərini satmalı idi, bir tərəfdən də soyuq, sərt hava balacanın yanaqlarını qıp-qırmızı etmişdi. 

İyun ayı olmasına baxmayaraq  hava çox soyuq və yağışlı idi. Sözün əsl mənasında qış fəslinə düşmüşdük – adama elə gəlirdi ki, buralara başqa fəsil gəlmir. Balaca "tacir”dən uzaqlaşsam da, daxilən onun haqqında düşünürdüm: görəsən, bu uşaq gün ərzində nə qədər pul qazanır? Ailə sadəcə bu pula möhtacdırmı? Bəs bu uşağın təhsili? Bu balaca ölkənin, dünyanın digər yerlərində yaşıdlarının nə etdiyini, necə yaşadığıni bilirmi? Amma balaca "tacir”i də qınamırdım, düşünürdüm ki, əgər buna məcburiyyət evdən, ailədən, valideyndən gəlirsə, məhsuliyyət də onların üzərinə düşür. 

Sonda qısa bir haşiyəyə çıxım, İngiltərədə 12 yaşına çatmamış uşaq evdə tək qalırsa, qonşu həmin an polisə zəng edib o uşağın valideynlərindən şikayət edir və ata-ana qanunla cəzalandırılır. Görəsən, belə sərt qanunlar bizdə də tətbiq olunsa, azadlıqdakı valideynlərin sayı nə qədər olar?


 

Fotolar müəllifindir

 

 

 

 


 

 

 

 

 

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM