"Cənab prezidentin tapşırığı ilə Xocasən qəsəbəsinin ərazisində müasir kampus tipli Pedaqoji Universitetin tikilməsi üçün Təhsil Nazirliyi tərəfindən hazırlıq işləri aparılıb”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M. Cabbarov bildirib ki, bu işlərə bir il bundan əvvəl başlanılıb: "Artıq ərazinin master planı hazırdır. O master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də bu universitetdə gələcəyin müəllimləri yetişir. Ona görə məhz bu universitetdən başladıq”.
Nazir yeni təhsil strategiyası haqda da danışıb və orada yay düşərgələrinin təşkili məsələsinin nəzərdə tutulduğunu da deyib: "Yay düşərgələrində şagirdlər asudə vaxtlarını, yay tətillərini səmərəli şəkildə keçirəcəklər”.
Təhsil nazirinin sözlərinə görə, nazirliyin tabeliyində yay düşərgələri yoxdur: "Ona görə də aidiyyəti qurumlarla əməkdaşlıq yolları aparılır ki, şagirdlərin asudə vaxtını, o cümlədən yay tətillərini keçirməsi məsələsinə baxaq. Ölkədə prezidentin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Məsələn, Təhsil Nazirliyinin dəstəklədiyi, bizim də iştirak etdiyimiz "Azərbaycanımızı tanıyaq” kimi layihə çərçivəsində bir bölgədə oxuyan şagirdlər ölkənin digər bölgələrinə gedirlər”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !