Bakıda ard-arası kəsilməyən yanğın halları ilə daim
üzləşirik. Yüksək mərtəbəli binalar, ictimai obyektlər, böyük ticarət mərkəzləri
yanğın səbəbindən yararsız hala düşür. Bəs niyə bu baş verir? Biz hansı
qaydaları gözləmirik?
Məsələ ilə bağlı Anews.az saytına açıqlama verən inşaat sektorunun layihələndirməsi və
yeni texnologiyaların tətbiqinin təşkili üzrə ekspert-memar Söhrab
Rəhimov bildirib ki, yanğının baş verməsi hər zaman gözlənilən
haldır.
"Bu durumda vəziyyət ikiyə ayrılır. Birincisi layihə əsnasında
yanğından mühafizə ssenarisinin doğru tərtib edilməsi, ikincisi isə tərtib
edilmiş ssenariyə inşaat zamanı sadiq qalmaqdır. Bu ikisindən birinə riayət
olunmadığı halda neqativ nəticə qaçılmazdır.
Yanğın ilk növbədə insan həyatını təhlükəyə atır.
Xüsusilə də göydələnlərdə xilas olmaq olduqca çətindir. Əgər şəxsi evdə yanğın
zamanı xilas olmaq üçün küçəyə çıxmaq kifayət edərsə, 20-30 mərtəbəli binada
çox insan elə tüstü səbəbindən boğulur, özünü aşağı çatdıra bilmir. Bəzən
panika üzündən hətta özünü aşağı atanlar da olur.
"Yuxarıda qeyd etdiyim kimi inşaata başlamazdan əvvəl
layihələndirmə əsnasında yanğın evakuasiya ssenarisı tərtib edilir. Bu işin əsas
hissəsidir. İnsan həyatı prioritet məsələ olduğu üçün həyatı təhlükəyə atacaq
bütün amillər nəzərə alınmalıdır. Yanğın sadəcə bunlardan biridir. Yanğından
başqa qaz, elektrik kimi təhlükələr də mövcuddur. Bunların hamısı doğru şəkildə
tənzimlənməli və onlara mütləq əməl olunmalıdır. Bu qaydalarla oynamaq ölümlə rəqs
etməyə bənzəyər.
Evakuasiya planlarında insanları qorumaq və təhlükəsiz
sahəyə yönləndirmələr nəzərə alınır. Azərbaycanda bir neçə şirkətdə vaxtaşırı
evakuasiya təlimləri keçirilir və insanlara bununla əlaqədar tədris verilir.
Xaricdə isə tək yanğın deyil hətta təbii fəlakətlər üzrə - zəlzələ, daşqın,
uçqun kimi hallarda nə etmək gərək olduğu tədris edilir.
Mən təklif edərdim ki, bu təlimlər orta məktəblərdə və
ali təhsil ocaqlarında keçirilsin. Yanğınla yanaşı bütün fəlakət ssenarilərı da
qələmə alınsın. Bundan başqa yaşayış binalarının mütləq idarə heyəti yaradılsın
və orada çalışan əsas işçilərdən biri müvafiq qurumların təmsilçiləri ilə birgə
əhalini maarifləndirsin. İnşa edilmiş və əhalinin məskunlaşdığı yerlər daima
yoxlanılaraq nəzarətdə saxlanılmalıdır”.
"Lakin yanğının qarşısını profilaktik tədbirlər görməklə, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə almaq olar. Bunun üçün idarələrdə açıq oddan istifadə etməmək, siqareti yalnız təyin olunmuş yerdə çəkmək, idarədə təmir, yenidənqurma işləri aparılarsa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə aparmaq, yanğınsöndürməyə qarşı olan bütün vasitə və avadanlığın n işlək olmasını nəzarətdə saxlamaq, yanğın qrupları ilə mütəmadi təlim keçmək, təzə işçi işə götürüləndə, yaxud idarəyə kənar şəxs gələndə, onu yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlandırmaq lazımdır”.
Ekspert yanğın təhlükəsizliyi qaydaları, yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyinə riayət olunma norma və standartlarının "Yanğın təhlükəsizliyi haqqında” qanunla tənzimlədiyini qeyd edib:
"Bu qanunda göstərilib ki bütün idarə və müəssisələr, dövlət və özəl təşkilatlar, yerli və xarici şirkətlər, obyektlərdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmalıdır. Yanğın təhlükəsizliyinin təşkili deyəndə ilk növbədə iş yerlərində, idarələrdə yanğın təhlükəsizliyinə dair təlimatlar olur. Bu təlimatlarda yanğın baş verərkən davranış qaydaları, təxliyə planı, yanğın zamanı insanların və əmlakın mühafizəsi qaydaları göstərilir. Daha sonra iş yerlərində "yanğın qrupu” adlanan qruplar olmalıdır. Bu qruplar yanğın baş verəndə insanların təhlükəsiz təxliyə olunmasını, qiymətli kağızların, əmlakın çıxarılmasını və onların mühafizəsini təşkil edirlər. Bu qruplara mütəmadi təlimlər keçirilməli və onlar hər hansı fövqəladə vəziyyətə həm fiziki, həm də psixoloji hazır olmalıdırlar. İdarələrdə yanğından mühafizə üçün yanğın sensorları, yanğın hidrantları, yanğın şitləri tam komplekt - yanğınsöndürən balon, bel, balta, ling, qum, vedrə, yanğınsöndürən toplar ilə təmin edilməli, onların daima işlək və saz vəziyyətdə olmaları yoxlanılmalıdır. Bunlar yanğın baş verərsə, yanğının qarşısını almaq üçün vasitələrdir”.
Elmar Nurəliyev yanğınların növləri barədə də məlumat verib:
"Yanğının bir neçə növü var: bərk materialların alışıb yanmasından baş verən yanğın, qaz halında olan maddələrin alışmasından baş verən yanğın, maye halında olan maddələrin alışmasından baş verən yanğın, partlamaya meylli maddələrin alışmasından baş verən yanğın və elektrik qısaqapanmasından baş verən yanğın. Bunların hərəsinin özünə uyğun yanğın söndürmə vasitələri və qaydaları var. Ona görə idarələrdə texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizlik qaydalarına riayət olunmalıdır ki, bədbəxt hadisələr baş verməsin .
Bəzi plazalarda yanğın təlimləri keçirilir. Bu çox yaxşı tendensiyadır. Amma çox təəssüf ki, bu çox az yerdə baş verir. Bəzən təşəbbüs olsa belə, insanlar yığılmır, buna maraq göstərmirlər.
Yaxşı olar ki, iş yerlərində, məktəblərdə, metrolarda yanğına qarşı praktik təlimlər keçirilsin və insanlarda fövqəladə vəziyyətdə necə davranmalı olmaları barədə maariflənmə olsun. Bakıda hündürmərtəbəli xeyli sayda bina var. Yanğın zamanı necə davranmalı olduğunu bilməyən insan liftdən istifadə edə bilir. Ancaq binada yanğın baş verən zaman ilk olaraq işıqları kəsirlər. Bu da daha ağır nəticələrə gətirib çıxara bilir. İnsanları bu məsələlərlə bağlı məlumatlandırmaq mütləqdir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !