Yanvarda Ermənistan iqtisadiyyatı böyüyüb, Azərbaycan iqtisadiyyatı kiçilib- SƏBƏB

15:50 | 01.03.2023
Yanvarda Ermənistan iqtisadiyyatı böyüyüb, Azərbaycan iqtisadiyyatı kiçilib- SƏBƏB

Yanvarda Ermənistan iqtisadiyyatı böyüyüb, Azərbaycan iqtisadiyyatı kiçilib- SƏBƏB

2023-cü ilin yanvarında iqtisadiyyat Ermənistanda 10,5 faiz, Gürcüstanda 8,4 faiz böyüyüb, Azərbaycanda isə 1,5 faiz kiçilib. Bu barədə Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu  facebook hesabında paylaşıb.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Aydın Hüseynov bildirir ki,  Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalmasının səbəbi cari ilin yanvarında neft-qaz ixracı və gəlirlərinin aşağı düşməsi ilə bağlıdır.
 
"ÜDM azalması müvəqqəti haldır. Yanvarda Azərbaycan xaricə 1 milyard 592,3 milyon dollar neft-qaz  məhsulları ixrac edib. Bu, ötən ilin yanvarı ilə müqayisədə 1,8 dəfə azdır. Nəticədə bu amillər 2023-cü ilin yanvarında ÜDM-in azalmasına səbəb olub. Ancaq bu, müvəqqəti haldır, çünki yanvarda ixrac tələbləri aşağı olur, əsas dinamika fevraldan sonra başlayır. Eyni zamanda, ilk ayda ÜDM-in azalması bütün ölkələrin iqtisadiyyatlarına xarakterik olan haldır. Çünki, il yeni başlayır, yanvar əvvəlki ildən növbəti ilə keçid mərhələsidir, maliyyə mənbələri hələ yeni formalaşır, büdcə gəlir və xərclərinin təmin olunması adətən fevralın ilk həftəsində nizamlanır və s. Ancaq sonrakı aylarda təmin olunan maliyyə mənbələri və fiskal artımlar sayəsində iqtisadi aktivlik artacaq. Bu baxımdan ÜDM-in artımı da adətən fevral-martdan başlayır və biz sonrakı aylarda ÜDM-in artımını və ümumilikdə inkişaf dinamikası hiss edəcəyik”,- deputat vurğulayıb.

Millət vəkili qeyd edib ki, Ermənistan və Gürcüstanda ÜDM-in artmasına səbəb Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar tətbiq olunan sanksiyalara görə, rus şirkətlərinin, biznes subyektlərinin öz fəaliyyətlərini həmin ölkələrdə davam etdirməsidir.
 
"Rusiyada baş verən müharibə ilə əlaqədar rus şirkətlərinin, biznes subyektlərinin öz fəaliyyətlərini Gürcüstan və Ermənistanda davam etdirir. Bununla da Ermənistan və Gürcüstan iqtisadiyyatında pul dövriyyəsini artır. Ancaq bu, müvəqqəti xarakter daşıyır, ona görə ki, həmin biznes sahiblərinin qarşıdakı dövrdə real gəlirlərini davam etdirəcək mənbələri də tükənir və bu da qeyd edilkən hər iki ölkəyə öz mənfi təsirlərini göstərəcək",-deputat əlavə edib.

 
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın iqtisadiyyatının 1 ayda kiçilməsinin səbəbini Azərbaycanın qaz və neftinin azalması ilə əlaqələndirib.
 
"Rəsmi statistikaya görə, yanvarda Azərbaycanda neft və qaz istehsalı azalıb. Ötən ilə nisbətən bu ilin yanvarında neftin qiyməti 82-83 dollara düşüb. Bu, ötən ilin dekabrından başlayaraq  azlamağa başlayıb. Buna görə də Azərbaycanın makroiqtisadi göstəricilərində belə hal müşahidə olunur. Azərbaycanda neft, qaz hasilatının azalması və qiymətinin düşməsi ÜDM göstəricilərinə təziq göstərir və nəticə etibarı ilə 1,5 faiz kiçilmə müşahidə olunur. Təssüf ki, Azərbaycan neftdən, qazdan asılı olan ölkədir",- ekspert vurğulayıb.
 
Ekspertin fikrincə, Gürcüstan və Ermənistan iqtisadiyyatının böyüməsi, Rusiyadan gələn kapitalın həddindən artıq çox olması və həmin ölkələrə gələn miqrantların sayının artmasıdır.
 
"Gürcüstan və Ermənistana Rusiyadan gələn kapital bu ay həddindən artıq çox olub. Digər səbəb isə miqrantların həmin ölkələrə biznes və ticarət məqsədi ilə gəlməsidir. Ermənistana 150 minə yaxın, Gürcüstana isə 120 minə yaxın miqrant gəlib. Onlar özləri ilə pul gətirib, biznes qurdular.  Bu da onların iqtisadiyyatına müsbət təsir göstərdi. Çünki onlarda resurs iqtisadiyyatı yoxdur, real iqtisadiyyatdır. Azərbaycan iqtisadiyytaında isə bunlar yoxdur",- iqtisadçı əlavə edib.
 
Rəsmi statistikaya görə, 2022-ci ildə Azərbaycanda 133.8 milyard manatlıq və ya hazırkı məzənnə ilə 78.71 mlrd. dollarlıq ümumi daxili məhsul istehsal olunub.
 
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9.1 faiz artım müşahidə olunub.

ÜDM istehsalının 51.1 faizi sənaye, 8.2 faizi ticarət,  nəqliyyat vasitələrinin təmiri, 6.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4.8 faizi tikinti, 1.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.4 faizi informasiya və rabitə sahələrinin, 14.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7.4 faizini təşkil etdib.

2022-ci ildə əhalinin hər nəfərinə düşən ÜDM 13 min 292.2 manata bərabər olub.
 
Rəsmi rəqəmlərə görə,2022-ci il ərzində qeydə alınan inflyasiya 13.8 faiz olub. Bu, 2008-ci ildən bəri (20.8 faiz) Azərbaycanda qeydə alınan ən yüksək göstəricidir. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları son bir ildə 21 faiz bahalaşıb. Əhali xərclərinin 60 faizə yaxınını azuqəyə sərf edib.

2022-ci ilin ilk 11 ayında ölkədə ÜDM 4.8 faiz böyüyüb. İqtisadiyyatın artım tempi 2021-ci illə müqayisədə geriləyib. Həmin il Azərbaycanda ÜDM artımı 5.3 faiz olub. 

2022-ci ilin 11 ayında qeydə alınan sənaye istehsalı ötən illə müqayisədə 1.1 faiz azalıb. İl ərzində kənd təsərrüfatında 3.4 faiz artıq məhsul yetişdirilib. İnformasiya və nəqliyyat xidmətlərinin dəyəri 15.4 faiz artıb. Nəqliyyat sektorunda yükdaşımaların həcmində 13 faiz, sərnişindaşımada isə 36 faiz artım qeydə alınıb.
 
2022-ci il ərzində ölkədə 11.9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39.3 faizi qeyridövlət sektorunun payına düşüb.

2022-ci il ərzində Azərbaycanda 71.3 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91.4 faizi qeyridövlət sektorunda açılıb.

 
 
Aytac Zeynalova




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb