ANN.Az-ın müsahibi xalq artisti, aktyor Yasin Qarayevdi.
O, 1946-cı ildə Şəmkir rayonunun Dəllər - Cırdaxan kəndində doğulub.
1973-cü ildə M.A.Əliyev adına Teatr İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsini bitirib.
Həmin ildən Gənc Tamaşaçılar teatrının aktyorudur (42 ildi orada çalışır).
1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2006-cı ildə Azərbaycan Respublikasının
Xalq Artisti fəxri adları ilə təltif olunub.
2006-cı ildən Prezident mükafatçısıdır. «Qızıl Dərviş» mükafatı laureatıdır.
Çəkildiyi televiziya tamaşaları:
1. Turqun - "Ağ atlar üçün vals” (Aztv)
2. Muradov – "Bağdada putyovka var...”
3. Camal - "Gəl qohum olaq”
4. "Mən sənin dayınam”
5. İldırım – "Mükafat”
6. Məşədi Qulam – "Nigarançılıq”
Bədii filmlər:
1. Bolu – "Bəylik dərsi”
2. Səlim – "Dəvətnamə”
3. "Ərazi”
4. Şahid – "Fatehlərin divanı”
5. Salman – "Ömürdən uzun gecə”
6. Birinci oğlan – "Şeytan göz qabağında”
7. Sabirabadlı - "Yol yoldaşları”
İlham Əsgərova lazımi qayğı göstərilmişdi...
İlham Əsgərovun ölən vaxtı deyildi, 59 yaşı vardı, nə yaşadı ki... Onu, həqiqətən, çox tez itirdik. İlham çox böyük sənətkarlardan, aktyorlardan idi. O özünü də, sənətini də tamaşaçılara sevdirə bilmişdir. Böyük ürəyə sahib olan bu insan sənətinin də, ömrünün də qızıl çağında bizləri tərk etdi. Qəbul eləmək çətindir, amma həqiqət ondan ibarətdir ki, onlar haqq dünyaya köçüb getdilər.
İlhamla Azərbaycan Televiziyasının studiyasında hazırlanmış "Fatehlərin Divanı” tamaşasında tərəf müqabili olmuşuq. Hər dəfə onunla rastlaşanda elə bil çox yaxın, əziz bir qohumumla görüşürdüm. Hərçənd, ayrı-ayrı teatrlarda fəaliyyət göstərirdik, amma münasibətimiz çox yaxşı idi. Dövlət əhəmiyyətli tədbirlərdə, teatrlara aid konfranslarda iştirak edərkən onunla söhbətimiz yaxşı alınardı. Ümumiyyətlə, İlham Əsgərov haqqında çox şey danışmaq olar. Çünki o, bu dünyada yaxşılıqları, sənətdəki peşəkarlığı ilə yaddaşlarda qaldı. Hesab edirəm ki, dövlət tərəfindən də İlhama lazımi qayğı göstərilmişdi, onu "xalq artisti” adına layiq görülmüşdü. Çünki bu fəxli adı hər adama, hər aktyora verilmir.
Ölüm xəbərini eşidəndə çox məyus oldum...
Ayrı-ayrı teatrlarda işlədiyimiz üçün çox sıx ünsiyyət qura bilmirdik. Amma eşitmişdim ki, o insult xəstəliyinə tutulub, müalicə olunur. Xəstələndikdən sonra İlhamla görüşmüşdük, vəziyyəti normal idi. Amma mart ayından etibarən işlərimlə əlaqədar əlaqəmiz kəsilmişdi. Onun son durumu haqqında xəbərim yox idi. İlhamın ölüm xəbərini eşidəndə çox-çox məyus oldum.
Bu arzuolunmaz qonaq hamını evinə gəlir...
Ölüm elə şeydir ki, o, varlı-kasıb, yaxşı-pis bilmir, vaxtsız-vaxtlı deyilən bir şeydir. Ölüm əvvəl-axır hamının qapısını bir gün döyür. Bu arzuolunmaz qonaq hamının evinə gəlir, amma bəzən elə gəlir ki, hamının içini yandırır.
"İnsan ölmək üçün doğulur”
Mədəniyyət işçilərinin ayrıca bir qəbirstanlıqda dəfn olunması, fikrimcə, düzgün deyil. Çünki hər kəsin şəxsi həyatı, ailəsi və öz istəkləri var. Sənət adamı da kiminsə atası, kiminsə anası, bacı-qardaşı, bir sözlə əzizidir, məhz onlar bu haqda qərar verə bilərlər. Yəni bizlər bu sənətə ömrümüzü, günümüzü versək də sonunda adi bir insanıq. Sadəcə bizim fərqimiz iş fəaliyyətimizlə bağlıdır. Ortaq cəhətlərimiz odur ki, hamımız insanıq və bu dünyaya gəldiyimiz kimi bir gün bu dünyadan köçüb getməyimiz də var. Məhşur Şeksprin belə bir sözü var: "İnsanın doğulmağının özü belə kədərli hadisədir”. Məhəmməd Peyğəmbər isə belə deyib: "İnsan ölmək üçün doğulur”. Bu sözlər elə-belə, boş, hədər yerə deyilməyib. Bu kəlamların hər birinin ayrılıqda öz mənası var.
İlhamın Masallıda dəfn olunmasının əsas səbəbi...
İlham Əsgərovun Masallıda dəfn olunması, məncə, müsəlman adət-ənənəsinə uyğun həyta keçirilib. Yəni doğulub boya-başa çatdığı yerdə dəfn edilmək azərbaycanlıların adətidir. Unudulmaz kamaça ustadımız, sevimli sənətkarımız Habil Əliyev də (müsahibə böyük sənətkar Habil Əliyev vəfat etməmişdən əvvəl alınıb – O.A.) deyirdi ki, öləndə məni Ağdaşda atamın, anamın torpağa tapşırıldığı qəbirstanlıqda dəfn edin. Çox böyük ehtimalla İlham da bu səbəbdən Masallıda doğulduğu torpağa tapşırılıb.
Onlara daima kömək, dəstək olunmalıdır...
Artıq 41 ildir bu sənətdəyəm. Bu zaman ərzində belə hadisələrlə çox rastlaşmışam. Adətən, insanların çoxu doğulduğu torpaqda dəfn olunmalarını istəyirlər. Misal olaraq deyə bilərəm ki, bizlər üçün çox faciəvi hadisələrdən biri Telman Adıgözəlov kimi böyük, sevilən aktyorumuzun ölümü idi. Bu hadisə tək mədəniyyət işləri üçün deyil, bütün Azərbaycan xalqı üçün çox sarsıdıcı oldu. Həmin yas mərasimində mədəniyyət və turizm naziri, nazirliyin işçiləri, eləcə də digər dövlət rəsmilər iştirak etdirdilər, amma belə qərara gəlindi ki, Telman Adıgözəlov öz yaxın qohumların da dəfn edildiyi qəbirstanlıqda dəfn olunsun.
Elə faktlar da var ki, mədəniyyət xadimi yüksək səviyyədə, Fəxri Xiyabanında dəfn olunur. Məsələn, Azərbaycanın xalq artisti, səhnəmizin "qaynanası” Nəsibə Zeynalova Fəxri Xiyabanda dəfn olunub. Amma sənətkarlarımızın harada dəfn olunmasından asılı olaraq onlara, onların ailələrinə dövlətin qayğısı, köməyi daim olmalıdır. Bəlkə elə bir mədəniyyət xadimi, sənətkar var ki, onun maddi durumu çox pisdi. Belə halları unutmaq lazım deyil. Mütləq şəkildə daim onlara kömək edilməlidir.
İlhamla Səidə həmin verilişi yüksəklərə qaldırdı...
İlham Əsgərovla bağlı qısa bir xatırlatma verim. O vaxt radioda "Qulaq” verilişi var idi. Bu verilişə Mövlud Süleymanlı rəhbərlik edirdi. Verilişin ilk aparıcıları Səməndər Rzayev və Məhluqə Sadıqova bu proqramı ictimaiyyətə elə sevdirmişdilər ki, həm öz səsləri, həm danışıq üslübları ilə insanı valeh edirdilər. Proqram xalq folkloruna, adət-ənənəsinə dayanan bir üslubda hazırlanmışdı. Çünki Səməndər Rzayevin o yüksək tembrli, möhkəm, həm də xoş təsir bağışlayan səsi, Məhluqə xanımın şirin ləhcəsi insanları bu verilişdən asılı vəziyyətə salmışdı. Bir müddət keçdikdən sonra Səməndər Rzayev və Məhluqə Sadıqova vəfat etdi. Bundan sonra bu veriliş boş qaldı. Bu verilişə çox adamlar dəvət olundu. Rasim Balayevi də dəvət etdilər, amma nədənsə alınmadı. Çox uzun sürən araşdırmalardan sonra İlham Əsgərov və Səidə Quliyeva verilişə dəvət olundular. İnanın, bu iki insan verilişi o qədər ürəklə aparırdılar ki, verilişi əvvəlki səviyyəsinə, yəni Səməndər müəllim və Məhluqə xanımın apardığı kimi idarə edirdilər. Çünki teatr və kino aləmində də belə hallar olur. Amma orada çox vaxt əvvəl nümayiş olunan bir ssenarini yenidən canlandıranda həmin əvvəlki effektini vermir. Əvvəlki effektə yaxın olmağa çalış. Amma İlhamla Səidənin birgə çıxışı elə bil bizlərə lap o vaxtları xatırladırdı.
Sanki elə bir yarpaq dökümü oldu və biz onları itirdik...
Ümumiyyətlə, mədəniyyət sahəsindən kimisə itirmək çox böyük, ağrılı hadisədir. Hazırda fəaliyyətimi davam etdirdiyim Gənc Tamaşaçılar Teatrının yaradıcıları olan insanlarla birgə çalışmışam. Yəni oranın təməl daşını qoyanlarla bir işləmişəm. Ağadadaş Qurbanov, Cəvahir İsgəndərova, Məmmədağa Dadaşov, Kərim Həsənov, Süleyman Ələsgərov və s. mən bu kimi sənətkarlarla bir çalışmışam. Hələ bu sadaladıqlarım məşhur snətkarların cüzi hissəsidir. Mən belə insanları, sənətkarları görüb, böyümüşəm. Biz bu sənətkarları birdən itirdik. Sanki qəfil yarpaq dökümü başladı. Bu itkilər tək bizim teatrda deyil, digərlərində də oldu: Məsələn, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Səyavuş Aslan və digər unudulmaz, peşəkar aktyorlarımız bu dünyadan köçüb getdilər.
Bundan sonra kinostudiya demək olar boş qaldı. Məhz bu aktyorlar kinonu, teatrı canlı olaraq yaşadırdılar. Çox təəssüflər ki, biz bu cür sənətkarlarımızı itirdik. Mədəniyyət və İncəsənət Universitetində də bu aktyorlar dərs keçirdilər. Bu sənətkarların itkisi ümumiyyətlə, mədəniyyət sahəsi üçün çox ağır itki hesab olunur. Bu yarpaq dökümündən sonra Azərbaycan incəsənətində, kinosunda, teatrında böyük bir süstlük əmələ gəldi. Bu süstlüyün yerini doldurmaq üçün ancaq və ancaq zaman, vaxt lazımdır.Yeni nəsil nümayəndələrindən də mütləq və mütləq belə dahi sənətkarlar çıxacaq, buna əminəm.Yeni nəsildəki o parıltını görmək mümkündür. Bu parıltı olmasaydı, biz heç bir peşəkarlıqdan söz belə açmazdıq.
Onların səviyyəsinə qalxmaq üçün 3-5 il bəs etməz...
Bu sənətkarla uzun illərdən, cürbəcür imtahanlardan keçib o yüksək səviyyəyə gəlib çatmışdılar. Yeni nəslin mədəniyyət sahəsində olanların o səviyyəyə çatmasını zaman, vaxt göstərəcək. Yəni bu 3-5 ilə olan bir şey deyil, nədə ki universiteti bitirib, fitri istedada malik olan insan bu səviyyəyə tez bir zamanda gəlib çata bilməz. Düzdür, gənc aktyorlarımız çox uğur qazana bilər, tamaşaçılar tərəfindən çox sevilə bilər, ancaq o peşəkar səviyyəyə çatmaq üçün illər lazımdır.
Bir aktyor üçün bundan xoş nə ola bilər...?
Mədəniyyət sahəsində son dövlərdə xeyli irəliləyişlər var. Misal olaraq, rayonlarda mədəniyyət işçiləri üçün yaradılan şərait, yeni-yeni yaradılan mədəniyyət evləri, ayrı-ayrı bölgələrdə konsertlərin təşkil olunması, caz festivalının, muğam festivalının keçirilməsi, teatrlara göstərilən dəstək məhz bu inkişafın göstəricilərindən biridir. Bundan başqa son 10 ildə teatra maraq daha da artıb. Yeni teatr binalarının tikilməsi, texnikanın sürətli inkişaf etməsi, teatrlarda işıqlandırma sistemlərinin müasirləri ilə əvəz oluması, teatrla maraqlanan nəslin yetişməsi teatrlarda canlılığı daha artırdı. Öz teatrımızı misal gətirmək istəyirəm, vaxt 6-7 projektorlarla işləyirdik, buna görə də işıqlandırma sistemi çox zəif idi. Amma indi bu rəqəmi deyəndə və aradakı fərqi görəndə insanın özü də həsəd aparır. Hazırda teatrımızda 248 projektor var. Bu inkişaf teatra olan marağı, həvəsi daha da artırdı. Mən özüm tamaşadan tamaşaya teatra gedirəm. Oradakı insan qələbəliyi aktyor olaraq yox, adi bir vətəndaş olaraq insanda ruh yüksəkliyi yaradır, həvəs yaradır. Özüm çox teatrdan dost, tanış üçün dəvətnamə istəmişəm, amma deyiblər ki, bu gün artıq yerlər dolub, sabah gəlin. Bax, bu bizim teatrlarımızın inkişafının əsas göstəricisidir. Teatrlarda olan səhnə tərtibatının mükəmməlliyi, teatrın daxili quruluşu, aktyorların ürək dolu səhnə çıxışları artıq insanları vadar edir ki, gələn dəfə də teatra baxmağa gəlsin. Bir aktyor üçün bundan xoş nə ola bilər?
Seriallara getməməyimin əsas səbəbi budur ki...
Yaradıcılıq fəliyyətimi dayandırmamışam. Amma, gərək insan öz sağlamlığı ilə də məşğul olsun, qeydinə qalsın. Tamaşalarımızı oynayıram. Reperturarımızda olan M.F.Axundovun "Hacı Qara” tamaşasında Hacı Qara rolunu oynayıram. "Əlincə Qalası” tamaşasında vəzir rolu mənə tapşırılıb. İlyas Əfəndiyevin "Sarı köyək və Valehin nağılında” baş rollardan birini ifa edirəm və s. Bir sözlə, fəaliyyətimi davam etdirirəm. Bundan başqa neçə - neçə seriallardan da təkliflər gəlib. Amma getmirəm. Seriallara çəkilməməyimin əsas səbəbi budur ki, serialdakı ssenari, çəkiliş, digər rolda olan aktyorlara baxıram, rejissorla olan münasibətə baxıb qiymət verirəm, məni qane edirsə, gedirəm. Yox, əgər mənə uyğun deyilsə, getmirəm.
Söhbətləşdi: Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !