Bəzi YDM-lər yanacağı 10-15% kəsirlər
YDM-lər barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildiriir ki, məntəqələrdə benzin və dizel yanacağı vurularkən 10-15% kəsilir. Yəni, misal üçün 30 litr benzin əvəzinə maşının bakına 25-27 litr yanacaq vurulur.
"Belə çıxır ki, biz A92-ni 1 manata alırıq”
Digər bir sürücü yazır: "Mən Bakının bütün YDM-lərində benzin vurub yoxlamışam. Hamısında 10-20% kəsirlər. Hətta, "SOCAR”da 20 manatlıq benzini 20 saniyə ərzində vurdular. Mübahisənin xeyri olmadı, bunu sübut etmək praktiki olaraq mümkün deyil».
Bundan başqa, benzin də keyfiyyətsizdir, maşın ideal vəziyyətdə olsa da, motor boğulur. Belə çıxır ki, biz A92 benzini faktiki olaraq 1 manata alırıq”.
Qeyd etmək istəyirik ki, yanacağın az vurulması ilə bağlı sürücülərin çoxu eyni fikirdədir. YDM-lər isə bunu etiraf etmirlər, lakin belə hallarda müştərinin bunu sübut etmə imkanları demək olar ki yoxdur.
"Belə problem olanda bizə müraciət etsinlər”
Amma yanacaqdoldurma şirkətləri bu şikayətləri yenə də əsassız sayırlar. "Azpetrol” şirkətinin mətbuat katibi Camal Zeynaloğlu bildirdi ki, belə şikayət olanda dərhal yoxlama aparılır: «Yoxlamalar göstərir ki, şikayətlər əksər hallarda haqsızdırlar. Çünki bu yanacaqdoldurma aparatları elə qurulub ki, o verilən əmrdən az yanacaq vura bilməz. Bizim məntəqələrdə menzurka var. İstənilən sürücü onun vasitəsilə aparatın nə qədər yanacaq vurduğunu yoxlaya bilər”.
Şirkət rəsmisi bildirdi ki, müştərilər belə problemlə qarşılaşdıqda rəhbərliyə müraciət edə bilərlər: "Bəzən elə ola bilər ki, hansısa operatorun səhvi ucbatından hansısa müştəriyə az benzin verilib. O halda bizim rəhbərlik tərəfindən dərhal müvafiq tədbirlər görülür. Fakt təsdiqini tapdıqda, müştərinin haqqı bərpa olunur, bunu edən əməkdaş isə cəzalandırılır”.
"Şikayətlər çoxdur, amma biz bunu yoxlaya bilmirik”
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) müraciət etdik. Birliyin sədri Eyyub Hüseynov bildirdi ki, AİB-ə belə müraciətlər tez-tez daxil olur: "Sürücülər tərəfindən bizə əsasən, yanacağın kəsilməsi, yanacağı kanistrə vurmaqdan imtina edilməsi və nağdsız ödənişlərin qəbul edilməməsi ilə bağlı müraciətlər olur”.
Bundan başqa, sürətli vurulma zamanı da, yanacaq köpük halında vurulur ki, bu da nəticədə faktiki həcmdən daha az yanacağın baka daxil olmasına səbəb olur: «Məntəqələrdə menzurka olmalıdır ki, sürücülər istədikləri vaxt yanacaq aparatın nə qədər yanacaq vurmasını yoxlaya bilsinlər. Üstəlik, istehlakçı benzini qaba tökdürüb də ala bilər, bundan imtina etməyə YDM-in heç bir əsası yoxdur»-deyə E.Hüseynov bildirir.
Şikayətlərin çox olmasına rəğmən hələlik bu sahədə monitorinq apara bilmədiklərini deyən birlik rəhbərinin sözlərinə görə, belə halları süburt etmək çox çətindir. Ekspert, belə hallarla bağlı şikayətlər əsasında monitrinq aparmadıqlarını, vətəndaşların bu kimi hallarda İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etmələrini məsləhət gördü. //fins.az
Bizi sosial şəbəkələrdə izləyin !