Fars körfəzi ölkələrinin Yəmənə qarşı apardığı hərbi kampaniyanın neftin qiymətinə təsiri şübhəsiz ki, mövcuddur.
Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Fars körfəzi ölkələrinin Yəmənə qarşı apardığı hərbi kampaniya neftin qiymətinə hansı şəkildə təsir göstərir?” sualını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, növbəti mərhələdə hərbi kampaniyanın neftin qiymətinə təsiri döyüş növünün seçilməsindən (dəniz və ya qurudan hərbi əməliyyatlar) asılı olaraq dəyişiləcək.
"Bu koalisiyanın Yəmənə qarşı dəniz döyüşləri neftin qiymətini 59 dollara qədər qaldırdı, bu gün isə Brent markalı neftin bir barelinin qiyməti 56 dollarda qərarlaşıb. Neftin qiyməti döyüş növünün seçilməsindən asılı olaraq dəyişilə bilər”.
"Növbəti iş həftəsində neftin qiyməti yenidən 60 dollardan yuxarı qalxa bilərmi?” sualına isə ekspert bu cür aydınlıq gətirdi.
"Hərbi əməliyyatların gedişini izləmək lazımdır. Bilirsiz ki, quru əməliyyatlarının təşkili belə uzun müddət davam edən prosesdir” - deyə, ekspert bildirdi.
Öz növbəsində, neft sektoru üzrə mütəxəssis Azər Mehtiyevin sözlərinə görə, Yəmən hadisələrinin neftin qiymətində ciddi dəyişiklik yaradacağı gözlənilən deyil:
"Neft ölkələrində baş verən siyasi-hərbi münaqişələr, bir qayda olaraq, dünya neft bazarında qiymətlərin qalxmasına aparır. İndiki halda da Yəməndə münaqişə başlananda və Səudiyyə Ərəbistanının həmləsi zamanı neftin qiymətində cüzi artım müşahidə olundu. Lakin, nəzərə alsaq ki, bir tərəfdən Yəmənin dünya neft bazarında payı ciddi deyil, digər tərəfdən isə, hazırda dünya neft bazarında təklif kifayət qədər yüksəkdir, Yəmən hadisələrinin neftin qiymətini ciddi artıracağı gözlənilən deyil”.
Qeyd edək ki, bir müddət əvvəl Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud bildirmişdi ki, Fars körfəzi ölkələri koalisiyasının Yəmənə qarşı apardığı həbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !