Yeni ildə uşaqları hara aparaq? SİYAHI + QİYMƏTLƏR

17:49 | 16.12.2013
Yeni ildə uşaqları hara aparaq? SİYAHI + QİYMƏTLƏR

Yeni ildə uşaqları hara aparaq? SİYAHI + QİYMƏTLƏR

Bayramla əlaqədar mədəniyyət ocaqlarında uşaqlar üçün keçiriləcək proqramlarYeni ilin gəlişinə sayılı günlər qalıb. Bayramı ən çox gözləyənlər isə uşaqlardır. Şaxta baba, Qar qız, nağıl personajları… Onları görmək bütün balacaların arzusudur. Elə bu səbəbdən də Bakının əksər teatr və mədəniyyət ocaqları Yeni il şənliyinə xüsusi hazırlaşır. Bəs bu bayram günləri uşaqlarımızı hara aparaq? Ailem.az Yeni illə əlaqədar mədəniyyət ocaqlarında uşaqlar üçün keçiriləcək proqramların siyahısını tərtib edib. Biz siyahını tərtib edirik. Seçim etmək isə sizin öhdənizə düşür, əziz valideynlər.Bakı Dövlət Sirkindən Ailəm az-a bildirildi ki, bu il balacalar sirkdə “Sehrli qış-2” adlı Yeni il proqramına baxa biləcəklər. Proqram Rusiyadan, Ukraynadan və İspaniyadan dəvət olunmuş sirk ustalarının nömrələrindən ibarətdir. “Sehrli qış-2”-də əhilləşdirilmiş müxtəlif heyvanların, akrobatların, hava gimnastlarının, klounların çıxışı olacaq. Proqramlar dekabrın 27-dən başlanacaq və yanvarın 12-dək (həmin gün də daxil olmaqla) davam edəcək. Sirk proqramları dekabrın 27 və 28-də bir (saat 19.00-da), qalan günlər isə 3 seans (saat 12.00, 15.00 və 19.00-da) olacaq. Biletlərin qiyməti sıradan asılı olaraq 6-8-10 manat arasında dəyişir.Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dekabrın 27, 28, 29, 30-u, yanvarın 2, 3, 4-də "Maşa və Ayının Şərqdə Yeni il macəraları" adlı Yeni il tamaşası göstəriləcək. Tamaşa rus və azərbaycan dilində göstəriləcək. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoşa Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcəklər. Balaca tamaşaçıları Şaxta Baba və cizgi filmlərinin qəhrəmanları ilə birgə unudulmaz Yeni il şənliyi və çoxlu sürprizlər gözləyir. “Multi-Pulti dünyası” teatrı balaca tamaşaçılarını sevindirmək üçün 200 manatdan yuxarı məbləğdə bilet alan qruplara xüsusi sürpriz təqdim edəcək. “Maşa və Ayı” cizgi filminin qəhrəmanları, həmçinin şən klounlar onların evinə, uşaq baxçasına, yaxud məktəbə qonaq gələcək. Biletlərin qiyməti 6 manatdan başlayır. Teatrın Yeni ilə həsr olunmuş tamaşası kimi isə dekabrın 24-də və yanvarın 12-də Pyotr Çaykovski tərəfindən yazılmış “Şelkunçik” baleti nümayiş olunacaq.Azərbaycan Dövlət Gənc TamaşaçılarTeatrında yeni il bayramı günlərində “Küpəgirənin hiyləsi” adlı tamaşaya baxmaq olar. Teatrdan Ailem.az-a verilən məlumata görə, tamaşadan əvvəl teatrın foyesində Yeni il şənliyi keçiriləcək. Yeni il ağacının  ətrafında balacaları Şaxta baba və Qar qız qarşılayıb onlara öz hədiyyələrini verəcəklər. “Küpəgirənin hiyləsi” adlı yeni tamaşa dekabrn 26-dan yanvarın 5-dək saat 12.00, 14.00, 16.00-da nümayiş etdiriləcək. Bütün biletlər hədiyyəlidir, qiyməti 7 manatdır.Azərbaycan Dövlət Kukla Teatrında “Cırtdanın yeni il sərgüzəştləri” adlı tamaşa nümayiş etdiriləcək. Tamaşalar dekabrın 29-dan yanvarın 5-dək balacaların ixtiyarında olacaq. Teatrdan Ailem.az-a verilən məlumata görə, biletlərin satışına dekabrın 23-dən sonra başlanılacaq. Tamaşalar həmin günlər saat 12.00, 14.00, 16.00 və 18.00-da göstəriləcək. Biletlərin qiyməti isə 2 manat olacaq.   Azərbaycan Dövlət Akademik Dram Teatrı isə yeni ilə “Biri var idi, biri yox” tamaşası ilə hazırlaşıb. Teatrın mətbuat xidmətindən Ailem.az-a bildirdilər ki, tamaşalar dekabrın 27-dən yanvarın 6-dək nümayiş etdiriləcək. Həmin günlər saat 11.00, 13.00, 15.00 və 17.00-da göstəriləcək tamaşalara baxmaq istəyənlər bilet olmaq üçün 6 manat ödəyəcəklər.    Heydər Əliyev Sarayında isə bayram günləri 2 Yeni il şənliyi keçiriləcək. Dekabrın 27-30-dək 4 gün konsert olacaq. Şənliyə Şaxta baba, Qar qız, milli rəqslər, milli musiqilər daxildir. Biletlərin qiyməti 5 manatdan 15 manata qədərdir.İkinci konsert isə yanvarın 3-4-5-də Ukraynadan gələn teatr heyətinin çıxışı ilə olacaq. Həmin konsertin qiyməti isə 10 manatdan 30 manata qədərdir. Azərbaycanın mədəniyyət ocaqlarındakı ən böyük şam ağacı da məhz Heydər Əliyev Sarayında quraşdırılacaq. Yeni il şənliyində ən son standartlara cavab verən texnikalardan istifadə olunmaqla illüziyalı şou təşkil olunacaq.

Ailem.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM