Yeni vaqonlar gətirildi

16:37 | 04.05.2015
Yeni vaqonlar gətirildi

Yeni vaqonlar gətirildi

"Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib.
 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verilən məlumata görə, bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır.

Bu günlərdə daha 50 yük vaqonunun ölkəmizə gətiriləcəyi gözlənilir.

Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır.

Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Xatırladırıq ki, bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə "Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmışdır.

Bundan əvvəl 25 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəmizə gətirilib.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM