Bu gün Bakı Ekspo Mərkəzində "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramının daimi dəstəkçiləri olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" şirkəti, "Vətəndaş Cəmiyətində Debat" İctimai Birliyi, habelə, digər maraqlı tərəflərin (stakeholder) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Yüksək Texnologiyalar Parkı" və "Nobel Oil" şirkətinin, təşkilatçılığı ilə həyata keçirilən "Youth Inc. Business Academy" Akselerasiya Proqramının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
ANN.Az-ın məlumatına görə, tədbirdə Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev açıb:
"İqtisadiyyatımızın inkişafı hər zaman aktual mövzulardan biri olaraq qalır. Bilirik ki, sabahın iqtisadiyyatı bu günün gələcəyindən başlayır. Biz də "Youth Inc." proqramı olaraq, biznes proqramlar, təlim-tədris kursları təşkil etməklə, gənclərimizin inkişafına şərait yaradırıq. Belə layihələrdən biri olan "Biznes Academy" Akselerasiya Proqramını təşkil etməkdə məqsədimiz biznes sahəsində gələcəyini qurmaq istəyən, biznes yönümlü gənclərin bu sektorda ilkin addım atmalarına maksimum imkan yaratmaqdır".
Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə bildirib ki, artıq cəmiyyətdə startap ənənəsi, fikri özünə yer tapıb:
"İllər əvvəl həmin layihələri birbaşa ingilis dilində, "start up” formasında yazırdıq və izah edirdiksə, hazırda bu sözü və bu tipli layihələri öz dilimizin qaydalarına uyğun formada, startap şəklində yazırıq. Hazırda startap layihələrinə iri biznes və qeyri-hökumət təşkilatları da dəstək verir. Bunlar onu göstərir ki, dövlətin təşəbbüsü həm biznes qurumları tərəfindən dəstəklənir, eyni zamanda, bu prosesə qeyri-hökumət təşkilatları da qoşulur”.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirib ki, kiçik startap layihələri bir növ qığılcım rolunu oynayır:
"Daha sonra dünyada tanınmış biznes ideyalar, layihələr qurulur. İnanıram ki, bizim layihəmizdən keçən gənclərimiz də beynəlxalq miqyaslı layihələrə imza atacaq. Çox istərdik ki, 25 üzvümüzün hamısı bu cür layihələrin rəhbəri olsun”.
"Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev də layihə ilə bağlı öz fikirlərini bölüşüb:
"Bu gün "Youth Inc. Business Academy" Akelerasiya proqramının bağlanış və mükafatlandırma mərasimindəyik. Nəticə olaraq, layihə iştirakçısı olan 25 nəfər gənc bu proqramı bitirərək öz bizneslərinə qədəm qoyurlar. Ümid edirik ki, belə proqramlar vaistəsilə "Coca-Cola" cəmiyyətə, gənclərin inkişafına öz töhvəsini verəcək".
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !