Yüzlərlə azərbaycanlı sahibkarın yükünə həbs qoyuldu

21:44 | 21.08.2015
Yüzlərlə azərbaycanlı sahibkarın yükünə həbs qoyuldu

Yüzlərlə azərbaycanlı sahibkarın yükünə həbs qoyuldu

Çindən mal gətirən yüzlərlə azərbaycanlı sahibkarın yükü Qazaxıstan gömrüyündə ilişib.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda yüklərin Aktau limanına qədər daşınmasını həyata keçirən şirkətin rəhbəri Novruz Barxudarov məlumat verib. Yüklərin saxlanılmasına səbəb kimi hüquq-mühafizə orqanları qaçaqmalçılıq maddəsi üzrə qaldırılmış cinayət işinin istintaqını əsas göstəriblər.

Lakin biznesmen deyir ki, əsl səbəb məmurların onun biznesinə "krışalıq” edərək haqq almaq maraqlarından irəli gəlir. N.Barxudarov bildirib ki, onun "Kapital 2” şirkəti Qazaxstan ərazisində yükdaşımalarla 2000-ci ildən məşğul olur və hər il büdcəyə 6 milyon dollar vergi ödəyir.

"Ancaq biz indi ziyanla işləməyə məcburuq. Azərbaycandan olan partnyorlarımız saxlanılan yükü gözləyirlər və israr edirlər ki, yüklərin tranziti marşrutunu dəyişdirib İran üzərindən daşısınlar. Bəyəm bu, Qazaxıstana sərf edir?”- deyə biznesmen şikayətlənib.

Şirkət yükləri Qazaxıstanın Çinlə sərhədindəki "Dostluq” stansiyasından Aktau beynəlxalq ticarət limanına qədər daşıyır. Ötən ilin payızından bu ilin mayına qədər şirkətin vaqonları iki dəfə Aktauda saxlanılıb və yoxlanılıb. Ancaq şübhəli heç nə tapılmayıb.

Bu ay isə Qazaxıstan Maliyyə Nazirliyinin məmurları "Klassik 2” şirkətinin bütün vaqonlarının "diqqətlə yoxlanılmasına” dair şifahi göstəriş veriblər. Həmçinin biznesmenə təklif ediblər ki, Astanaya getsin və məsələni "yerində” həll etsin.

Barxudarovun dediyinə görə, bir il əvvəl nazirliyin İqtisadi Xərclər və Dövlət Xərcləri Xidmətinin vəzifəli şəxsi Yerkin Tyumeliyev ona "krışalıq” təklif edib.

Ancaq biznesmen bununla razılaşmayıb. Nəticədə yoxlamalar başlayıb və qaçaqmalıçılıq maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq şirkətin yüklə dolu 3 vaqonuna iki aylıq həbs qoyub. Həmin vaqonlarda Azərbaycandan olan sahibkarların Çindən gətirdikləri mallar yerləşir. Mallar mövsümi olduğu üçün onların saxlanılması sahibkarları müflis edə bilər.

Barxudarovun bildirdiyinə görə, vaqonlarda Azərbaycandan olan azı 600 sahibkarın yükü var.

"Yəqin ki, tezliklə tranzit yüklərin Qazaxıstanda saxlanılması barədə xəbər Çində və Azərbaycanda yayılacaq, böyük səs-küy qalxacaq”- deyə Barxudarov bildirib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM