"Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib.Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var. Kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər”, - Hikmət Hacıyev əlavə edib.
Deputat Elman Nəsirov bildirir ki, Azərbaycanın "B" planı İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsindən Naxçıvan ərazisi ilə quru rabitəni bərpa etməkdir.
"Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesində ən mühüm əlaqələrdən biri Zəngəzur dəhlizinin işə salınması ilə bağlıdır. 2020-ci il 10 noyabr sənədinin 9-cu bəndi də məhz bu məsələləri özündə ehtiva edir. Lakin Ermənistan ilə aparılan danışıqlar bu istiqamətdə heç bir nəticə verməyib. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına marağlı olmadığını nümayiş etdirir. Belə olan halda Azərbaycanın "A" planın qarşılığında "B" planı da var. "A" planı məhz Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsindən Naxçıvan ərazisi ilə quru rabitəsinin yaradılmasını özündə əks etdirdi. "B" plan isə İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan ərazisində quru rabitənin yaradılmasını nəzərdə tutur. Bu istiqamətdə addımlar atılmağa başlayıb. Baş nazir müavini Şahin Mustafayev ilə iranlı həmkarları arasında oktyabrın 6-da razılaşma edilib. Bu razılaşmaya əsasən Zəngilan rayonu ərazisində Kalıbənd, Ağbənd kəndində çay üzərində körpünün çəkilməsi, qurulması nəzərdə tutulub. Bir başqa körpü isə Naxçıvan ərazisində tikiləcək. Bununla da İran ərazisindən keçməklə Naxçıvanla quru yol əlaqəsi yaradılacaq”, - o əlavə edib.
Deputat qeyd edir ki, belə olan vəziyyətdə Ermənistan çox mühüm bir layihədə kənarda qalacaq.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, bu açıqlama Fransanın Azərbaycanın günahlandırmaq üçün yaratdığı süni səbəbi aradan qaldırmaq məqsədi daşıyır.
"Bu Fransaya və Ermənistana qarşı yönəlmiş bir açıqlamadır. Çünki, Fransa hətta Amerikadan belə bir ifadə yayımlamağa başlayır ki, Azərbaycan Ermənistana müdaxilə edəcək. Bütün hallarda Azərbaycanı günahlandırmaq üçün süni səbəb axtarırlar. Azərbaycan ona görə məcbur qaldı ki, belə bir açıqlama ilə onların Azərbaycanı günahlandırmasını aradan qaldırsın”, - o bildirib.
Ekspert qeyd edir ki, bu açıqlama eyni zamanda Ermənistan üçün İran-Ermənistan qarşı durmasını yaratmaq nöqteyi-nəzərdən ortaya atılan fikir oldu.
Oktyabrın 5-də İran prezidenti Ayətullah rəisi Azərbaycan və Ermənistanın rəsmi nümayəndləri ilə görüşündə deyib ki, Zənzəgur dəhlizinin açılmasını region ölkərinin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
İyulun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla Zəngəzur dəhlizinin açılmasını müzakirə edib.
İyulun 24-də Azərbaycan lideri açıqlama verərək vurğulayıb ki, Azərbaycan ərazisində tikinti işlərinin 70% bitib və Zənzəgur dəhlizi işə salınacaq.
İyulun 21-də prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşündə yaxın üç ildə 150 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtmasını təmin etmək planlarını açıqlayıb.
İyunun 14-də Türkiyə prezidenti Ərdoğan açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır.
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir.
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub.
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !