Yaşayış massivlərinin həyətlərində yaşıllıqların salınması təkcə təbiətin gözəlliyinə deyil, həm də əhalinin sağlamlığına böyük xidmət etmiş olur. Adətən, ayrı-ayrı rayon icra hakimiyyəti rəhbərliyi əsas yol və prospektlərin abadlaşmasının qayğısına qalır, rayona gəlib-gedənlərdə xoş təəssürat yaradılsın deyə həmişəyaşıl ağacların əkilməsinə, daha çox pul xərclənməsinə fikir yönəldirlər.
Səlahiyyət sahiblərində tez-tez rast gəlinən xüsusiyyətlərdən biri də tanınmış ziyalıların, elm-mədəniyyət-incəsənət xadimlərinin adının əbədiləşdirilməsi münasibətilə park və bağlar salmaqdır. Azərbaycanın demək olar ki, bütün rayonlarında Heydər Əliyev, Zərifə Əliyeva adına park və bağlar var. Praktika göstərir ki, əksər parkların vəziyyəti də qənaətbəxşdir. Amma Səbail rayonundakı Zərifə Əliyeva adına parka bu nəsib olmayıb.
Təxminən 2005-ci ildə rayonun Badamdar qəsəbəsində salınan bu park 4-5 il bundan əvvələ qədər yaxşı vəziyyətdə olub. Amma sonradan parkdakı uzunömürlü acağlar kəsilməyə, qazıntılar aparılmağa başlayıb, tədricən park tamamilə xarabalığa çevrilib. Parkın baxımsızlığı ətrafda yaşayan sakinlərə imkan yaradıb ki, əllərinə düşən zir-zibili bura atsınlar. Sual olunur, əgər vəzifədə oturan məmurlar vəfat edən ictimai xadimlər, tanınmış şəxslərin adını əbədiləşdirmək istəyirlərsə, sonradan bu ögey münasibətlə nə demək istəyirlər? Qısa müddətli reklam olunmaqla, gözdən pərdə asmaqla kimi aldadırlar? Özlərini, ölkə rəhbərliyini, yoxsa, xalqı?
ANN.Az-ın fotomüxbiri həmin parkda olub və ərazinin bərbad vəziyyətini kameranın yaddaşına köçürüb. Həmin fotosessiyanı oxuculara təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !