Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardımın göndərilməsi normaldır- Deputat

14:01 | 29.08.2023
Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardımın göndərilməsi normaldır- Deputat

Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardımın göndərilməsi normaldır- Deputat

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərib. Bakıdan yola düşən humanitaryardım Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək. Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
 
Məsələ ilə bağlı Milli məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Elman Nəsirov bildirir ki, Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşı kimi yanaşıldığı üçün yardımın göndərilməsi normal prosesdir.
 
"Ermənilər bütün dünyada hay-küy qaldırırlar ki, guya Azərbaycan Qarabağdakı ermənilərlə münasibətdə təzyiq siyasəti həyata keçirir. Guya ki, Azərbaycan oradakı insanların ac-susuz, işıqsız, ərzaqsız qalması üçün əlindən gələni edir. Hətta bu məsələni  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da çıxartdılar. Ancaq Azərbaycan bu məsələlərlə bağlı öz haqlı mövqeyini əsaslandırdı. Başa saldı ki, heç bir humanitar böhrandan söhbət getmir. Elə bilməsinlər ki, yeganə yol Laçın yoludur. Bütün dünya bilsin ki, Azərbaycan Ağdam-Xankəndi yolu ilə də Qarabağda yaşayan ermənilərə gündəlik tələbat malları ilə ehtiyacları varsa, ödəməyə hazırıq. Ancaq ermənilər çalışırlar ki, ümumiyyətlə bu yolun adı çəkilməsin. Onlar istəyirlər ki, beynəlxalq ictimai fikiri çaşdırsınlar, guya, yeganə yol sanki Laçın yoludur. Ermənistan Azərbaycana qarşı beynəlxalq təzyiqləri işə salmaq niyyətindədir. Biz Qarabağda yaşayan ermənilərə öz vətəndaşlarımız kimi yanaşırıq. Kimlərsə Azərbaycan vətəndaşlığını qəbul etmək istəmir, çıxıb gedə bilər. Onların bir qismi artıq Qarabağı tərk etməyə başlayıb",- deputat vurğulayıb.
 
İkin mərhələdə Qarabağda yaşayan erməniəsilli şəxslər üçün 40 ton un məmulatları göndərilib.
 
İyulun 26-da Ermənistanın Qarabağa göndərdiyi humanitar yardım karvanı göndərib.

Rəsmi Bakı Ermənistanın Qarabağa yardım karvanı göndərməsini "təxribat” adlandırıb və humanitar böhranın dərinləşməsi iddialarını "siyasi manipulyasiya” adlandırıb.

Humanitar yardım karvanının hərəkətini Avropa İttifaqının Ermənistandakı Missiyası (AİEM) da izləyir, bu barədə missiyanın rəsmi Twitter səhifəsində məlumat verilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter hesabında Qarabağa göndərilən "360 ton yükün yalnız humanitar məqsəd” daşıdığını bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə Ermənistan tərəfinin bu addımını "spekulyasiya, manipulyasiya və qarayaxma” adlandırıb.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM