Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına böyük əhəmiyyət verir. Bunu Çinin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao bildirib.
"Çin və Azərbaycan liderləri iyulun 3-də Astanada keçirilən görüş çərçivəsində iki mühüm sənəd imzalayıblar ki, bunlardan biri Orta Dəhlizin inkişafı ilə bağlıdır", - Tao bildirib.
O xatırladıb ki, 2024-cü ilin əvvəlindən Çinin bir sıra şəhərlərindən Xəzər dənizi vasitəsilə Azərbaycana 100-dən çox qatar daxil olub ki, bu da ötən illə müqayisədə təxminən 9 dəfə çoxdur.
"Hazırda Çin və Azərbaycan sahibkarları infrastruktur sahəsində əməkdaşlığı gücləndirmək və səmərəli logistikanı yaxşılaşdırmaq üçün əlaqələr saxlayırlar”, - müvəqqəti işlər vəkili bildirib.
Onun sözlərinə görə, Çin "Bir Kəmər və bir Yol” təşəbbüsünü təşviq etməyə və təchizat zəncirinin sabitliyini qorumağa hazırdır.
"İkitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndiririk. Astanada keçirilən sammit zamanı dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Bu, bir daha göstərib ki, Çin və Azərbaycan bir-birinin əsas maraqlarını dəstəkləməyə hazırdır”, - səfir vurğulayıb.
"Azərbaycan 2016-cı ildə ŞƏT-in tərəfdaşı olub və təşkilat ailəsinin mühüm üzvüdür. Çin Azərbaycanın ŞƏT ilə əməkdaşlığı gücləndirmək istəyini və bu təşkilatda ölkənin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir”, - Tao bildirib.
Çin 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb.
İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il aprelin 2-də qurulub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !