Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

19:09 | 04.10.2024
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Əlavə əşyalar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Oktyabrın 6-da imtahan verəcək şəxslər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-İmtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunacaq. İmtahan vermək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1 770 olmaqla, ümumilikdə 2 242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM