Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı
nəzərdə tutur. Belə ki, ABB Universitetin ən yüksək
təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin
və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın
şərəfinə təqaüd "Natəvan təqaüdü” adlandırılıb.
Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri
üçün ABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Bankın
Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bank əməkdaşları tərəfindən Universitetdə
xüsusi təlimlərin təşkili, həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları
üçün Universitetdə müvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq
planlarına daxildir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov
bildirib: "ABB olaraq ölkəmizdəki bir
çox universitetlərlə sıx əlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ
Universitetinin də ilk tərəfdaşıyıq. Son illərdə təhsilə dəstək,
biznes-universitet əməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübə
gələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis
etdiyi "Natəvan” təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanım
tələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlarda liderlik
bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar
məkanına çevirmək hamımızın birgə missiyamızdır”.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov
Universitetə qəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik və
inzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib. Universitetdə təhsil
səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb: "Dövlət rəhbərimiz Qarabağ Universiteti
qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Bu vəzifələri uğurla yerinə
yetirmək üçün belə tərəfdaşlıqlar bizim üçün zəruridir. ABB ilə imzaladığımız
bu memorandum faydalı bir təcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz,
həm ABB əməkdaşları üçün yeni imkanlar yaradacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !