Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı son razılaşmalar mühüm irəliləyiş hesab edilməlidir. Bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.
Dövlət Departamentinin nümayəndəsi Ermənistanın Azərbaycanın COP29-da sədrliyinə dəstəyini, sərhədlərin delimitasiyası üzrə sazişləri, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını Bakı ilə İrəvan arasında sülh prosesinə müsbət təsir edəcəyini bildirib.
"Hesab edirəm ki, sərhədlərin delimitasiyası ilə bağlı son razılaşmalar irəliyə doğru çox mühüm addım olub. Ermənistan sülhün bərqərar olması üçün cəsarətli addımlar atmağa hazırdır. Hesab edirəm ki, biz Azərbaycanın da buna hazır olduğunu görür və buna diqqət edirik", - o deyib.
Əvvəllər xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikasının Dövlət Komissiyası ilə Ermənistan Respublikası Komissiyasının 8-ci iclasının yekunları üzrə əldə edilən razılaşmalara uyğun olaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə iki ölkənin ekspert qrupları Azərbaycan Respublikası və Ermənistan Respublikası sərhədində aparılan geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !