ADR-in övladı: Bakı Dövlət Universiteti - TARİX

16:33 | 21.11.2013
ADR-in övladı: Bakı Dövlət Universiteti - TARİX

ADR-in övladı: Bakı Dövlət Universiteti - TARİX

Aydın Balayev

tarixi elmlərin doktoru

Azərbaycan parlamentinin Bakıda universitetin yaranması haqqında 1 sentyabr tarixli qərarının olmasına baxmayaraq, Bakı Dövlət Universitetində dərslər 1919-cu il noyabrın 15-də başladı.

Qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə və onun "Musavat" fraksiyasından olan silahdaşları Bakıda ali təhsil ocağının yaradılmasına ehtiyac olduğunu parlament üzvlərinə böyük çətinliklər hesabına inandırmışdı və müsbət nəticə əldə etmişdilər. Məsələ burasında idi ki, ilkin mərhələdə milli kadrların çatışmazlığı səbəbindən universitetdə dərslərin rus dilində keçirilməsi təklif edilirdi. Bir çox parlament üzvləri isə buna qarşı çıxmışdırlar. Əvvəlcə təklif edilmişdir ki, "ilkin olaraq orta məktəblər, müəllim seminariyaları və institutlar" yaradılmalıdır ki, bundan sonra, onlara arxalanaraq və milli kadrların hazırlanması müddətində, Azərbaycan dilində tədris verən universitet təsis edilsin.

 

Hətta Slavyan-rus cəmiyyəti fraksiyasının nümayəndələri də parlamentin maliyyə-büdcə komissiyasında müvafiq qanun layihəsinin müzakirəsi zamanı Bakıda rusdilli universitetin yaradılmasına qarşı çıxdılar və "xalq sərvətini sağa-sola xərcləməməyi" məsləhət gördülər.

Hərçənd universitetin bütün fakultələrində Azərbaycan dilinin tədrisi məcburi predmet idi. Bununla belə Bakıda rusdilli universitetin açılmasına qarşı bəzi Azərbaycan fraksiyalarının nümayəndələri də çıxış etdilər. Əsasən də, "İttihad" fraksiyası. Onun lideri Qarabəy Qarabəyov rus müəllimlərini nəzərdə tutaraq, "universitetin taleyinin sirli əllərə verilməsini və dövlətə yad olanlara" qarşı çıxaraq, bu hərəkəti yolverilməz hesab etmişdi.

Məmməd Əmin Rəsulzadə ona etiraz edib və həmçinin parlamentdəki digər kolleqalarına xatırlatmışdı ki, ölkənin müstəqil elan olunması kifayətdir. Onun fikrincə, müstəqil yaşamaq və dünyanın mədəni xalqlarının arasında layiqli yer tutmaq üçün möhkəm bünövrə qoymaq lazımdır və bu halda Azərbaycan xalqı öz milli xüsusiyyətlərini tam şəkildə göstərə bilər. Bu kontekstdə o, "dövlətin ilk qayğılarından biri universitetin açılışı"nı Azərbaycan müstəqilliyinin ən əhəmiyyətli atributu hesab edirdi.

 

M.Ə. Rəsulzadə universitetə yalnız təhsil müəssisəsi kimi deyil, həm də ölkənin elmi-mədəni həyatının mərkəzi kimi baxırdı. Onun fikrincə, bu təhsil müəssisəsi milli həyatın əsas problemlərinin tədqiqatını stimullaşdıracaq, həmçinin mədəni homogenləşdirmənin və Azərbaycan əhalisinin milli şüurunun sonrakı inkişafına təkan vermiş olacaq.

 

Buna görə də o, bəzi parlament üzvlərinin Azərbaycan tələbələrinin müəyyən bir hissəsinin xaricdə ali təhsil almaq üçün göndərməklə kifayətlənmək təklifini səhv hesab edirdi. M.Ə.Rəsulzadə Qərbi Avropanın ən yaxşı universitetlərinə təxminən 100 nəfər Azərbaycan tələbəsinin göndərilməsi haqqında hökumətin planlarının mövcud olduğunu bildirmişdi və o, bununla birlikdə "məhz ölkə daxilində elm ocağının yaradılması" ehtiyacının olduğunu da vurğulamışdı.

Sözsüz, M.Ə. Rəsulzadə universitetin milli dildə yaradılmasının üstünlüyünü gizlətmirdi. Amma eyni zamanda o anlayırdı ki, "milli elmi kadrlar olmadan yaxın gələcəkdə milli universitet də yaradıla bilməz". Onun sözlərinə görə, hətta əgər bu milli elmi mütəxəssislər olsalar belə, yüksək ali təhsil müəssisəsində mühazirələrə Azərbaycan dilində qulaq asmaq mümkün olmayacaq. Çünki o vaxtkı Azərbaycan gənclərinin böyük əksəriyyəti ibtidai və orta təhsillərini rus dilində almışdırlar, bu səbəbdən də ana dilini çox zəif bilirdilər.

Bütün bu amilləri nəzərə alaraq M.Ə.Rəsulzadə milli dildə universitetin açılmasının qeyri-mümkünlüyünü etiraf etmişdi. Amma eyni zamanda o, əmin idi ki, təhsillə bağlı ciddi proses başlayıb və "heç kəs bunu dayandıra bilməz və heç bir ölkəni universitetə malik olmaqdan məhrum etmək mümkün deyil". Nümunə kimi o, ilk rus və yapon universitetlərinin yaranma təcrübəsini göstərmişdi. O, çıxışlarında deyir ki, bu ali məktəblər yaranan zaman birinci mərhələdə dərslər xarici ildə aparılmışdı. "Universitetin rus dilində olmasına gəlincə, ona görə rus dilindədir ki, bizdə dinləyicilərin əksəriyyəti başqa xarici dili bilmirlər". 

Beləliklə, M.Ə.Rəsulzadə milli universitetin yaradılmasının ən təsirli vasitəsi və lazımlı ilkin şərti kimi inkişaf etmiş Avropa dillərindən birində tədris keçirilməsini doğru hesab edirdi, Azərbaycan şəraitində isə bu, rus diliydi.

Elmin fövqəlmilli xarakterini vurğulayan M.Ə.Rəsulzadə deyirdi: "Elmi biz Çində də, yaxud Azərbaycanda olan çinlidən də öyrənə bilərik. Elmi bütün ölkələrdə və bütün dillərdə öyrənmək olar. Elə buna görə də bizim fraksiyamız universitetin təcili açılmasına dair çağırış edir. Elmi gücün cüziliyindən çəkinmək lazım deyil".

M.Ə. Rəsulzadə həmçinin məsləhət görürdü ki, "Kravçenkonun iddia etdiyi kimi, açılan universitetin rus dilində olacağından qorxmaq lazım deyil. Türk ölkəsində, türk mühitində o, öz çalarlarını daşıyacaq". O, əsaslı şəkildə o şəraiti göstərdi ki, "universitetin milliləşdirilməsinin bünövrəsi onun təsis edilməsiylə birgə qoyulub və bir halda ki, orda türk dili də tədris ediləcək və tələbələr burada - Bakıda - doğma atmosferdə olacaqlar, doğma təbii hadisəyə və öz xalqına yaxın olacaqlar".

O, səmimiyyətlə ümid edirdi ki, "milliyyətçilik hissləri şəraitində, türk dilinin tədris edilməsi və s." artıq ən yaxın perspektivdə ağrısız və mərhələli şəkildə universitetin milliləşdirilməsinə imkan verəcək.

Bu məsələdə M.Ə.Rəsulzadəyə Azərbaycan Respublikasının o zamankı təhsil naziri Rəşid bəy  Kaplanov fəal yardım etdi. Bakıda universitetin açılışı haqqında qanun layihəsinin müzakirəsinin gedişatında öz parlaq nitqində Rəşid bəy Kaplanov bildirdi: "Əgər biz müstəqil dövlətiksə, əgər biz formasız konqlomerat qalmamaqda qərarlıyıqsa və bəşəriyyətin mədəni həyatında millətə çevrilmək istəyiriksə, onda biz milli bədənimizin ruhu olacaq elmi mərkəz yaradılmadan keçinə bilmərik". 

O, ümid edirdi ki, bu elm ocağı "ölkənin bütün əqli həyatını ruhlandıracaq və ona rəhbərlik edəcək, xalqın bütün ictimai-siyasi həyatının cəmləşdiyi mərkəzə çevriləcək".

 

Beləliklə, Müsavat fraksiyasının səyləri nəticəsində Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun layihəsinin qəbulu mümkün oldu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb