Qurultayda səsləndirilən təkliflərin bir qismi Azərbaycan hakimiyyətinə ünvanlandığından, onlara cavab vermək zərurəti yarandı. Burada səsləndirilən dəyərli fikirlərin hökumətə, Azərbaycan Prezidentinə, Ulu öndərin tarixi fəaliyyətinə ünvanlandığını düşünürəm.
Axar.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Jurnalistərin VII qurultayında yekun çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, burada seçiləcək yeni nümayəndələr haqqında, qurultay barəsində mənfi rəy səsləndirənlər olacaq.
"Bundan qorxmayın. Nə qədər ki, cəmiyyət var, belə münasibətlər də olacaq. Çalışın ki, onlara cavabı öz şəxsiyyətinizə uyğun verəsiniz. Siz cəmiyyəti formalaşdıran əsas institutlardan birini təmsil edirsiniz. Bu gün yaxşı və pis nümunələri də cəmiyyətə mətbuat tirajlayır. Sizi düşündüyünüz və olduğunuz kimi olmağa çağırıram. Kənar qüvvələrin fikirlərinə əhəmiyyət verməyin. Bundan sonra medianın fəaliyyəti bu gün Mətbuat Şurasının İdarə Heyətinə seçilən üzvlərlə tənzimlənəcək. Biz də kimin seçilməsindən asılı olmayaraq, onlarla işləməyə hazırıq. Xatırladım ki, hər dəfə görüşlərdə səsləndirilən fikirlər Azərbaycan Prezidentinin diqqətində olur”.
Ə.Həsənov mətbuatın dövlət büdcəsindən maliyyələşməsi barədə səsləndirilən tənqidi fikirlərə də münasibət bildirib:
"Nəyə görə dövlətinin sərvətindən aldığın pay günah sayılmalıdır, xarici qrantlardan maliyyələşmək normal hal hesab edilməlidir? Sizi ittiham edənlər hansı mənbələrdən maliyyələşirlər? Buradan üzümü müxalifət nümayındələrinə tuturam. Onlar ölkə qanunvericiliyinə uyğun olaraq parlamentə seçiliblər, dövlət büdcəsindən qanunla təsbit olunmuş maliyyələşmə haqlarını alırlar. Bunun nəyi pisdir?
Maliyyə mənbəsi heç kimə bəlli olmayan şəxslər sizdən də yaxşı yaşayır, övladları, özləri ölkənin daxilində və xaricində kifayət qədər təminatlı həyat sürürlər, onların sizi, parlamentə oturub, Azərbaycan siyasi palitrasını təmsil edərək dövlət büdcəsindən yardım alanları ittiham etməyə haqları yoxdur. Bunlara qarşı dirəniş göstərmək lazımdır. Onların haqsız olduğunu media onlara çatdırmalıdır”.
Ə.Həsənov medianı milli mənəvi dəyərlərə uyğun fəaliyyət göstərməyə çağırıb:
"Milli mənəvi dəyərlərin pozulması sizin ailənizə rəva görmədiyiniz məqamlardır. Ailənizlə birlikdə baxmağı özünüzə sığışdırmadığınızı Azərbaycan cəmiyyətinə də rəva görməməlisiniz. Bu şəxslərə qarşı ictimai müzakirə açmalısınız. Harada yaşamağından asılı olmayaraq, hansı adla ölkəni tərk etməyindən, ölkədən qaçıb xarici ölkələrin xüsusi xidmət orqanlarının idarəçiliyi altına keçməsindən asılı olmayaraq, onlara qarşı mübarizə aparmalısınız. Siz bilirsiniz ki, həmin şəxslər Frankfurta çatan kimi pasportları alınır, öhdəlik imzaladılır, bildirilir ki, öz iradənlə yox, bizim iradəmizlə hərəkət etməlisən. Bu insanlar bu gün Azərbaycanın simvollarını təhqir edir. Sizlərə müraciət edirəm, bunlara qarşı mediada susqunluq müşahidə edilir. Başa düşürəm, siz onların cərgəsinə qoşulmaq istəmirsiniz. Onlar siz səviyyəli insanlar deyil. Onlar sizin səviyyənizdə olsa idi, belə mötəbər tədbirlərdə, cəmiyyətin inkişafında aktiv iştirak edərdi. Bu gün onların yaxınları, qohumları onlardan imtina edib. Onlar da orda-burda bu məclisdə adının çəkilməsi uyğun olmayan yerlərdə eşələnirlər. Belələrinə qarşı ilk dirənişi media verməlidir. Siz xalqımızın düşünən beyni, yazan əli, danışan dilisiniz”.
Ə.Həsənov qurultayda səsləndirilən fikirlərə də münasibət bildirib:
"Hesab edirəm ki, Mətbuat Şurası haqqında qanunun qəbul edilməsinin vaxtı çatıb. Mətbuat Şurasının statusu bəlli normativlər çərçivəsində tənzimlənməlidir. Milli Məclisdə təmsil olunanlar arasında mətbuat nümayəndələri də var. Onlar Mətbuat Şurasının fəaliyyətinin tənzimlənməsi barədə qanunvericilik bazasını hazırlamalıdır. Vahid kart məsələsi də qanuna söykənməlidir. Bu kartın kim tərəfindən verilməsi, onların hansı imkanlara malik olması müəyyən edilməlidir. Karta sahib olmayanların statusu ilə bağlı məqamları da sizlər müəyyən edib təqdim edə bilərsiniz. Biz də lazımı dəstəyi göstərməyə hazırıq. Bununla yanaşı ayda iki dəfə çıxan mətbuat orqanlarının keçirilən jurnalist müsabiqələrində iştirakı tələbini də haqlı hesab edirəm. Bundan başqa, rayon qəzetlərinin portallarının yaradılması fikrini də dəstəkləyirəm. Jurnalistlərimiz üçün kurslar, seminarların təşkilinə də münasibətimiz çox yaxşıdır”.
Reket jurnalistikanın bu gün problemə çevrildiyini deyən Ə.Həsənov onları ciddi media ilə məşğul olmağa çağırıb:
"Reket jurnalistlər müəyyən siyahı hazırlayaraq Prezident Adminstrasiyasına ünvanlayır və "Əli Həsənov bizim çörəyimizi kəsir” deyirlər. Biz heç kimin çörəyini kəsmirik. Hər kəsi qanunvericiliyə uyğun fəaliyyət göstərməyə çağırırıq. Bu reket jurnalistlər arasında istedadlılar da var. Bəzən onlar icra məmurları ilə bağlı elə məqamları tuturlar, bir çoxlarının ağlına gəlmir. Mən həmin jurnalistləri doğru yola qaytarmaq üçün çalışıram”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !