Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş amerikalı tələbələr üçün yay məktəbi fəaliyyət göstərir.
Yay məktəbinin tələbələri ilə görüşən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov onları Dillər Universitetində görməkdən məmnun olduğunu bildirdi. Öncə universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi və maddi-texniki bazası haqqında məlumat verən professor ADU-da 7000-ə yaxın tələbənin təhsil aldığını dedi.
Dünyamin Yunusov tələbələrə 8 həftə ərzində Azərbaycan dilini öyrənməklə yanaşı ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlarını vurğuladı. Öz ölkələrinə qayıtdıqları zaman yaxınlarına və dostlarına Azərbaycan haqqında, onun milli mənəvi dəyərləri, qədim və zəngin tarixi haqqında məlumat verəcəklərinə əminliyini ifadə etdi. Professor bildirdi ki, Azərbaycan Dillər Universiteti yeganə ali məktəb olaraq ABŞ-ın Dövlət Departamenti ilə əməkdaşlıqda bu layihəni həyata keçirir. O, bu proqramın Azərbaycanı tanıtmaq və təbliği istiqamətlərində mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev və universitetin əməkdaşları iştirak edirdi.
Sonra "Yay məktəbi” proqramı üzrə koordinator Ramiqə Şirəliyeva "Azərbaycan və Azərbaycan mədəniyyəti” mövzusunda danışdı.
Daha sonra Rachel Simon "Amerikalının Bakıda həyatı” adlı təqdimatla çıxış etdi.
İyunun 9-dan avqustun 8-nə kimi davam edəcək "Yay məktəbi” intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr qatılıb. Proqrama əsasən Azərbaycan dilini, mədəniyyətini, rəqsini və mətbəxini öyrənməklə yanaşı amerikalı tələbələrin şəhərin görməli yerlərini, həmçinin muzeyləri, teatrları, "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, maddi mədəniyyət abidələrini və dini yerləri ziyarət etmələri də nəzərdə tutulur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !