Ana və uşaq ölümləri: klinik protokollara əməl olunurmu? – EKSPERT RƏYİ

09:58 | 20.11.2013
Ana və uşaq ölümləri: klinik protokollara əməl olunurmu? – EKSPERT RƏYİ

Ana və uşaq ölümləri: klinik protokollara əməl olunurmu? – EKSPERT RƏYİ

Son zamanlar doğuş zamanı və ya doğuşdan öncə ana və uşaq ölümlərinin çoxalması bu məsələyə diqqət yetirməyi, bu problemi yenidən ictimailəşdirməyi vacib edir. Əslində problem kifayət qədər ictimailəşib. Artıq mövcud vəziyyətlə bağlı ölkə başçısına qədər müraciət olunub.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 20 ildə Azərbaycanda körpə ölümü azalıb; hər 1000 uşağa 10,8 ölüm halı. Ölkədə ana ölümünün miqyası da 14,9 promileyə qədər enib. 

YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard KİV-ə açıqlamasında həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda uşaq ölümünün səviyyəsi ilə bağlı YUNİSEF və Səhiyyə Nazirliyinin göstəriciləri bir-birindən 2-3 dəfə fərqlənir. Mark Herevardın bildirdiyinə görə, yaranan fərq hesablamaların aparılmasındakı üsullarla əlaqədardır: “BMT-nin uşaq ölümünün tərifi üçün müəyyən etdiyi yanaşma Azərbaycan Səhiyyə Nazirliyinin uşaq ölümünün səviyyəsini hesablamaq üçün istifadə etdiyi yanaşmadan fərqlidir”.

YUNİSEF nümayəndəsi bildirib ki, əslində belə vəziyyət bütün keçmiş sovet respublikalarında var. Səbəb sovet dövründən miras qalmış “diri doğum meyarı”na dair yanaşmadan istifadə olunmasıdır. Azərbaycanda beynəlxalq “diri doğum meyarı” qəbul edilməyib: “Bu səbəbdən də ölümün səviyyəsi ilə bağlı rəsmi statistik göstəricilər daha aşağıdır və bu göstəricilərlə BMT-nin göstəriciləri arasında çox böyük fərq var”.

Ümumdünya Səhiyyə Təşkilatı doğum evləri üçün müvafiq protokollar hazırlayıb və Heydər Əliyev fondunun dəstəyi ilə həmin protokollar Azərbaycana gətirilib və doğum evlərinə paylanıb. Paylanıbsa, həmin protokollara nə dərəcədə əməl olunur? Əməl olunursa, ana və ya uşaq ölümü halları niyə çoxalıb? 

ANN.Az-ın əməkdaşı mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib.

A.Qeybulla açıqlamasında bildirib ki, ana və uşaq ölümlərinin baş verməsinin bir çox səbəbləri var. “Ana və uşaq ölümlərinin əsasında dayanan xeyli faktorlar mövcuddur. Bu gün statistik məlumatlar onu göstərir ki, hamiləliklərin əksəriyyəti pataloji hiss keçirir. Yəni bu və ya digər şəkildə patalogiya hamiləliyə sirayət edir. Bu göstərici 30-40 il öncəki statistik göstəricilərlə müqayisədə xeyli fərqlidir, yəni dinamika pisə doğru inkişaf edib. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin xeyli hissəsi miqrantlıq durumundadır, nə qədər qaçqın-köçkün var. Təbii ki, mütəxəssis sahəsində də problemlər ümumilikdə mənfi nəticələrə səbəb olan amillərdir”. 

Ümumdünya Səhiyyə Təşkilatının klinik protokollarına gəldikdə isə, ekspert bildirib ki, ana və uşaq ölümünün sayını azaltmaq üçün yeganə yol kliniki protokollardır: “Ümumdünya Səhiyyə Təşkilatının əksər məsələlər üzrə klinik protokolları, şablonları var. Ən azı onlardan istifadə etmək olar. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hər bir qadın üçün klinik müşahidə protokolu olmalıdır. Həmin protokolda qadının hamiləlikdən qabaq və sonra nə edəcəyi, hamiləlik müddətində neçə dəfə ultrasəs müayinəsindən keçməli, hansı analizləri verməli olduğu təlimatlarda öz əksini tapmalıdır. Amma o protokolların tətbiqi sahəsində də xeyli problemlər mövcuddur. Hər halda müəyyən qaydalar var və o qaydalara riayət olunmalıdır”.

A.Qeybulla hesab edir ki, bu problemin həll olunmamasının əsas səbəblərindən biri bu məsələlərin administrativ qaydada həll olunmasıdır: "Peşəkarlıqla bağlı problemlər, xəstənin lazımı ünvana çatdırılmaması, hamiləliyin gedişatı zamanı ortaya çıxan çatışmazlıqların ortadan götürülməməsi ana və uşaq ölümü hallarının çoxalmasına səbəb olan ciddi amillərdir. Bunlar kompleks və obyektiv şəkildə araşdırılmalı və onun əsasında müvafiq tədbirlər görülməlidir. Bizdə bütün məsələlər administrativ qaydada həll olunduğuna görə problemin səbəblərini düzgün araşdırıb nəticə əldə etmək mümkün olmur”.

Seymur

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM