Araik Arturyan Xankəndindəki aksiyaya qoşulub - Nə dəyişəcək? - Açıqlama

14:00 | 18.07.2023
Araik Arturyan Xankəndindəki aksiyaya qoşulub - Nə dəyişəcək? - Açıqlama

Araik Arturyan Xankəndindəki aksiyaya qoşulub - Nə dəyişəcək? - Açıqlama

Separtçı rejimin prezidenti Araik Arutyunyan Xankəndində keçirilən aksiyaya qoşulub. Bu barədə Ermənistan mətbuatı yazıb.  

"Mən heç olmasa Xankəndindəki (qondarma adı-Stepanakert) mərkəzi meydanındakı oturaq aksiyaya qoşulmaq qərarına gəldim. Bu, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və öhdəliklərimizi yerinə yetirməyə, aktiv və təcili tədbirlərə əl atmağa çağırmaq üçün əlavə səydir", - Arutyunyan müraciət zamanı bildirib.

Qondarma "Artsax" prezidenti Ermənistan xalqını və diasporu qərar qəbul edənlərin diqqətini cəlb etmək və onları Artsaxa fəal kömək etməyə təşviq etmək üçün hər şeyi etməyə çağırıb. Arutyunyan bundan sonra da üzərinə düşən vəzifələri yerinə yetirəcəyini bildirib.

"Əgər bir həftə ərzində beynəlxalq müdaxilə ilə "Artsaxda" vəziyyət az-çox stabil kursa qayıtmasa, bundan sonra biz həm "Artsaxda", həm də ondan kənarda daha sərt hərəkətlərə keçəcəyik", - Arutyunyan bildirib. 
 
Milli Məclisin deputatı Bəhruz Məhhərrəmov deyir ki, Prezident İlham Əliyevin hücum siyasəti nəticəsində Ermənistanın manipulyasiya imkanları azaldıqca separatçılar artıq onlar üçün sonun çatdığının fərqindədir.
 
"Ermənistanın hələ də Qarabağda qalmış 10 minlik ordu qalıqları, o cümlədən qanunsuz silahlı dəstələr, habelə,  Ermənistandan və havadarlarından mümkün dəstək belə separatçılara Azərbaycanla açıq münaqişədə fiaskodan başqa heç nə vəd edə bilməz. Bu mənada separatçılar mövcud durumda çıxış yolunu yenidən himayəçilərinə - Rusiya sülhməramlılarına sığınmaqda, habelə Rusiyanın "adamlarına” "siyasi səhnədə” daha geniş yer verməkdə görürlər. Separatçı rejimin "dövlət naziri" Qurgen Nersesyanın son proseslərdə daha qabarıq formada rol almasına da bu prizmadan baxmaq lazımdır. Digər tərəfdən, sülhməramlıların özlərinin də regiona gəldikləri gündən separatçıların hüquqazidd davranışlarına rəvac verməsi, 10 noyabr Bəyanatının 4-cü maddəsinə zidd olaraq sülhməramlıların müvəqqəti nəzarət zonasında həm Ermənistan silahlı qüvvələrinin 10 mindən artıq heyəti, həm də separatçıların qanunsuz hərbi birləşmələrinin mövcudluğuna göz yumması artıq kontingentin qərəzli tərəfə çevrildiyini göstərir", - deputat söyləyib.
 
Deputat hesab edir ki, separatçılar da vəziyyətin fərqindədir, situasiyadan ruhlanaraq Azərbaycan ərazisində müvəqqəti - 5 il müddətinə yerləşdirilmiş sülhməramlıların qərargahına istinad nöqtəsi kimi baxaraq Azərbaycan əleyhinə mitinqlərini məhz orada təşkil edirlər.
 
"Sülhməramlılar isə missiyalarına uyğun gəlməyən formada prosesin iştirakçısına çevrilməkdədir. Nersesyanın da məhz bu ərəfədə fəallaşması, Rusiya sülhməramlılarının qərargahı ətrafında radikal çıxışları məhz sülhməramlı komandanlığın xeyir-duası olmadan mümkün deyil. Arutunyanla əvvəldən uzlaşmayan, Vardanyan kartı isə boşa çıxan Moskva bu dəfə Nersesyan gedişi edir. Separatçıların hazırkı terrorçubaşı Arayik Arutunyan da itirməkdə olduğu "hakimiyyət" və "nüfuzunu" qorumaq üçün prosesdən istifadə etmək niyyətindədir və mitimqlərə də bu məqsədlə qoşulur. Lakin Qarabağın erməni əsilli sakinləri anlamalıdır ki, bu ritorika və sülhməramlıların "dəstəyi”, Arayikin fəallaşması, yaxud Nersesyanın onu əvəzləməsi ssenariləri onlara heç nə vəd edə bilməz. Bu qanunsuz və saxta iddialara əsaslanan aksiyalar nəyi isə dəyişməyəcək və mənasız iddia və davranışlardan əl çəkməyəcəkləri halda, cənab İlham Əliyevin dediyi kimi, heç kim gəlib onların yerinə burada döyüşməyəcək", - açıqlamasında vurğulayıb. 
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar. 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX)  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb. 
 
Bildirilib ki, iyulun 1-5 arasında BQXK-nın avtomobilləri tərəfindən bəyan edilməmiş mobil telefonlar,siqaret və benzin qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub. 
 
Açıqlamada qeyd olunub ki, qanunsuz keçirmələrlə bağlı BQXK-nın rəsmi kanalları vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görülməyib. 
 
Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəəruri tədbirlər görülməsi açıqlanıb və qeyd olunub ki, Laçın buraxılış məntəqəsindən keçid müvvəqəti olaraq dayandırılıb. 
 
2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılmışdı.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM