Asim Mollazadə: Bu, Ermənistanın təşkil etdiyi şoudur

16:54 | 03.05.2016
Asim Mollazadə: Bu, Ermənistanın təşkil etdiyi şoudur

Asim Mollazadə: Bu, Ermənistanın təşkil etdiyi şoudur

Ermənistanda qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması haqqında qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Qanun layihəsi mayın 5-də keçiriləcək iclasın gündəminə daxil edilib. Qanun layihəsinin müəllifləri müxalif "İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan və Erməni Milli Konqresinin deputatı Qrant Baqratyandır. Layihənin qəbul edilməsi Ermənistan və Qarabağ separatçılarının rəhbərliyi arasında müzakirələrin nəticələri, "gələcək inkişafı, eləcə də xarici amillərin nəzərə alınması” ilə şərtlənir.

Ermənistan bu layihəni müzakirəyə çıxarmaqla qondarma "DQR”-in müstəqilliyini tanıyacaqmı? Bu, Azərbaycana nə dərəcədə təsir edə bilər? Ermənistanın indiyə kimi qondarma "DQR”-in müstəqilliyinin tanımamasının səbəbi nədir?

Bu sualları ANN.Az-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə şərh edib.

Millət vəkilinin fikrincə, Ermənistan bu addımı ilə işğalçı dövlət olduğunu və Qarabağı öz tərkibinə qatmaq istədiyini bir daha sübut edir: "Xatırladım, 1989-cu ildə Ermənistan Ali Soveti (Ermənistan Respublikası) Qarabağı özünə birləşdirməklə bağlı qərar qəbul etmişdi. Sonra Ermənistan düşündü ki, ümumiyyətlə, onların oyunu bundan ibarət olmadır: Ermənistan münaqişədə iştirak etmir, bu Qarabağla Azərbaycan arasında olan bir münaqişədir. Ona görə də Ermənistan, özünü kənarda qoyaraq, beynəlxalq sanksiyaların, dünya ölkələrinin təzyiqinə məruz qalmamaq üçün Qarabağı öz tərkib hissəsi kimi qəbul etmirdi”.

Partiya sədrinin sözlərinə görə, layihəni müzakirəyə çıxarmaqla, Ermənistan öz maskasını çıxarmış oldu: "Beynəlxalq hüquq normalarına zidd olan qərarı verməklə, fikrimcə işğal siyasətini həyata keçirəcəklər. İstisna deyil ki, Ermənistanı idarə edən qüvvələr, bəlkə deputatları belə bir qərarın qəbul olunmasından çəkindirərlər. Ermənistan sadəcə olaraq istəyir ki, şou keçirsin”.

Millət vəkili Ermənistanın bu qanun layihəsinin müzakirəyə çıxarmasının Azərbaycana heç bir təsiri olmayacağını vurğuladı: "Bu Ermənistanın təşkil etdiyi bir şoudur. Ermənistanın daxili siyasətinə, Sarkisyan rejiminə qarşı olan təzyiqlərin qarşısını almağa yönəlib. Ermənistanda olan gərginliyi aradan qaldırmaq və bir növ milli ruhu yüksəltmək, işğal siyasətinin açıq formada həyata keçirmək üçün bu şou təşkil edilir. Qanun layihəsi müzakirəsinin Azərbaycana heç bir təsiri ola bilməz”.

"Çox təəssüf ki, indiyə qədər beynəlxalq səviyyədə Ermənistana istənilən təzyiq olmayıb. Təbii olaraq, beynəlxalq qurumlar belə addımlara qarşı öz bəyanatlarını ortaya qoyacaqlar. Lakin biz təəssüflənirik ki,  bütün beynəlxalq təşkilatlar bu vaxta kimi təcavüzkarın siyasətinə hüquqi qiymət verməyiblər. Hüququn aliliyinə hörmətsizlik nümayiş etdiriblər” – deyə  A.Mollazadə əlavə edib.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti