Azərbaycan Ermənistana informasiya müharibəsində uduzurmu? - Ekspert rəyləri

15:16 | 28.04.2016
Azərbaycan Ermənistana informasiya müharibəsində uduzurmu? - Ekspert rəyləri

Azərbaycan Ermənistana informasiya müharibəsində uduzurmu? - Ekspert rəyləri

"İnformasiya müharibəsində qalib gəlmək üçün dövlət iş görməlidir” – bunu ANN.Az-a açıqlamasında "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.

Reytinq agentliklərinin statistikasına nəzər yetirdikdə görünür ki, Azərbaycan mediası bir çox məqamlarda - peşakarlıq, informasiyanın xarici dildə çatdırılması, paylaşılması, nüfuzlu agentliklərə ötürülməsi - kimi məsələlərdə xeyli geri qalır. Ermənistan mətbuatı isə əksər vaxt Azərbaycan mətbuatını qabaqlayır, bunun da sayəsində erməni jurnalistlər Azərbaycanla bağlı uydurma məlumatları ictimailəşdirə, ən azından xəbər müstəvisinə çıxara bilirlər. Ən sadə detalı götürək, Ermənistanda fəaliyyət göstərən çox sayda xəbər agentliyi, informasiya portalı var ki, 4-5 dildə fəaliyyət göstərir, həm də operativ formada. Maraqlıdır, həm maddi, həm oxucu baxımından Azərbaycan mətbuatı Ermənistandan xeyli qabaqda olmalı gərəkərkən, nəyə görə bunun əksi müşahidə olunur?

Bunun əsas səbəbləri nədir? İnformasiya savaşında Azərbaycanın niyə çox vaxt geridə qalır? Problemin həlli yolu nədir?  

Bu məsələni ANN.Az-a media kapitanları "Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyev və "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev şərh ediblər.

"Mən işimi görə bilməyəndən sonra, hansı informasiya savaşından söhbət gedə bilər” – Mehman Əliyev
 


"Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyev informasiya savaşı aparmaq üçün ölkədə jurnalistika ilə məşğul olmaq üçün münbit şəraitin yaradılmalı olduğunu diqqətə çatdırdı: "Hansı informasiya savaşından danışırsız. Bu məsələni ən əvvəl özümüz daxildə həll etməliyik. İnformasiyanı (daxili və xarici) düzgün, vaxtı-vaxtında əhaliyə çatdırmaq lazımdır. Buna görə də dövlət jurnalistlər üçün şərait yaratmalıdır. Müharibə şəraitində yaşadığımızı nəzərə almalıyıq. Müdafiə Nazirliyinin, Prezident Aparatının mətbuat xidmətləri var, onlar elə bir koordinasiya yaratmalıdırlar ki, informasiya almaqda, yaymaqda, ötürməkdə heç bir çətinlik olmasın. Akkreditasiya sistemləri yaxşı işləməlidir, media fəal şəkildə hadisə baş verən regionda olmalıdır. Bunu da dövlət etmir. Dövlət jurnalistlərə şərait yaratmalıdır ki, işlərini görsünlər. Mən işimi görə bilməyəndən sonra hansı informasiya savaşında söhbət gedə bilər? Necə ki, digər sahələrdə informasiya almaqda çətinlik yaşayırıq, eləcə də bu cür strateji məsələlərdə eyni vəziyyətlə qarşılaşırıq. Artıq neçə illərdir bununla mübarizə aparırıq, qanunlar qəbul olunsa da, tövsiyyələr, təşəbbüslər irəli sürülsə də, xeyri yoxdur. Bu işi propaqanda səviyyəsində qururlar. Propaqanda isə müasir dövrdə işləmir”.

Baş redaktor informasiya siyasətinin Prezident Aparatı səviyyəsində aparılmalı olduğunu bildirdi: "Bütün problemlərin həlli onların əlindədir. Problemlərsə həll olunmur. Məsul olan heç bir şəxs təşəbbüskar olmaq istəmir - qorxurlar ki, adları hallanar, tutularlar. Hamı çəkinir. Digər problem isə qeyri-peşəkarlıqla bağlıdır”.

"Azərbaycan diasporası ancaq maddi və şəxsi maraqlar üzərində qurulub. Orada tək-tük adam tapılar ki, ölkə üçün can yandırıb nəsə etsin.  Əksəriyyəti xaricə qaçıb ki, özləri üçün yaşasınlar. Buna görə də onlardan nəsə gözləmək gülməli işdir” – deyə Mehman Əliyev sonda bildirib.   

"Ölkə ilə bağlı xəbərlərin xarici mediaya ötürülməsində  bir çox rəsmi qurumlar geri qalırlar” – Arif Əliyev
 


Məsələyə münasibət bildirən "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev informasiya müharibəsinin adətən iki düşmən ölkə arasında olduğunu bildirdi: "Deməzdim ki, Azərbaycan informasiya müharibəsində uduzur. Yox. Azərbaycan öz imkanlarından xeyli aşağı səviyyədə istifadə etdiyi həqiqətdir, ancaq informasiya müharibəsində Azərbaycanın Ermənistana uduzduğunu deməzdim. Azərbaycanın xaricdə mənfi imicinin formalaşması və bunun getdikcə qatılaşması informasiya müharibəsi ilə əlaqədar deyil. Bu, sadəcə Azərbaycanın bir tərəfdən özünü düzgün tanıtmamaq bacarığından, digər tərəfdən isə daxildəki islahatların həyata keçirməməsindən qaynaqlanır. Azərbaycan böyük xərclər hesabına xaricdə böyük tədbirlər keçirir, ancaq bu tədbirlərin işıqlandırılması deyərdim ki, çox aşağı səviyyədə həyata keçirilir. Çünki Azərbaycan xaricdəki informasiya siyasətini, strategiyanı düzgün qurmur. Hesab edir ki, böyük vəsait hesabına xaricdəki lobbisini daha da artırmaq olur. Bu da çox səhv addımdır”.

"Əvvəlcə Qərbdə Azərbaycana olan marağı artırmaq lazımdır, bunsuz ölkədəki informasiya vasitələrinin ingilis, fransızca yazmasının bir faydası yoxdur. Düzdür, Azərbaycanla bağlı xəbərlərin xarici mediaya ötürülməsində bir çox rəsmi qurumlar geri qalırlar. Ancaq xarici mətbuat quruluşlarının Azərbaycandakı nümayəndəlikləri bunu operativ şəkildə həyata keçirirlər. Buna baxmayaraq, xarici mənbələr ölkənin rəsmi mənbələrinə o qədər də inanıb, etibar etmirlər. Onlar əsasən müstəqil mənbələrə inanırlar. Misal üçün, "BBC”, "CNN”, "Azadlıq Radiosu”, "Associated Press”, "Frans Press” və digər bu kimi mətbuat orqanları informasiyanı dərhal ötürməkdə peşəkardırlar”, – deyə A.Əliyev bildirib.

Birlik sədri diasporların işi məsələsinə gəlincə, erməni diasporunun yaşının bizimlə müqayisədə çox olduğunu dedi: "Bizim diaspora çox ağır formada formalaşıb. Amma iki diasporanın son 30 ildəki inkişaf göstəricisinə baxdıqda, Azərbaycanın daha çox inkişaf etdiyini demək olar. 20-30 il bundan əvvəl belə bir inkişafı Azərbaycan diasporu barədə demək mümkün deyildi. İnformasiya müharibəsi və diasporun işini yaxşılaşdırmaq dövlət orqanlarının işidir. İnformasiya müharibəsində qalib gəlmək üçün dövlət iş görməlidir. Media savaşı konsepsiyasının yarandığı ABŞ-da da, Avropada da vəziyyət belədir. Azərbaycanda da belə olmalıdır. Yəni əgər hakimiyyət bununla ciddi məşğul olmaq istəyirsə, ortada ciddi proqram və doktrina olmalıdır”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb