“Prezidentlərin Vyana görüşü əvvəlki görüşlərin təkrarı olacaq” - AÇIQLAMALAR

15:35 | 16.05.2016
“Prezidentlərin Vyana görüşü əvvəlki görüşlərin təkrarı olacaq” - AÇIQLAMALAR

“Prezidentlərin Vyana görüşü əvvəlki görüşlərin təkrarı olacaq” - AÇIQLAMALAR

Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq. Görüşdə həmçinin Minsk qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransanın XİN rəhbərləri də iştirak edəcəklər.

Prezidentlərin Vyanada keçirilən görüşündən gözləntilər nələrdir? Görüşün Azərbaycan üçün müsbət təsiri olacaqmı? Yoxsa əvvəlki görüşlərdə olduğu kimi, bu danışıqlar da ancaq masa üzərindəmi qalacaq?

Bu sualları ANN.Az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, siyasi şərhçi Zərdüşt Əlizadə və politoloq İlqar Vəlizadə şərh ediblər.

"Vyana görüşündən nəticə çıxmayacağı təqdirdə, Apreldəki döyüşlərin yenidən təkrarlanması ehtimalı artacaq” – Elxan Şahinoğlu
 


Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın siyasi dairələrinin və cəmiyyətinin prezidentlərin Vyana görüşündən böyük gözləntisi yoxdur: "Çünki nə Rusiya, nə də digər böyük dövlətlər Dağlıq Qarabağ ətrafındakı rayonların ilkin şərt irəli sürülmədən boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq etmək istəmirlər. Bu olmadan isə danışıqlarda real nəticə əldə edilməyəcək. 22 ildir davam edən nəticəsiz danışıqlar da buna sübutdur”.

Politoloqun fikrincə, münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşünü keçirməkdə əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət etməyə çağırmaq və bununla əlaqədar olaraq tərəflərin üzərinə öhdəliklər qoymaqdır. Azərbaycan prezidenti bu öhdəliyi qəbul etməyəcək. Çünki işğal altındakı torpaqlar boşaldılmadan atəşkəsin qorunması və ya insidentlərin araşdırılması status-kvonun davamına şərait yaradır. Ermənistan status-kvonu qorumağa çalışır, Azərbaycan isə əksinə, status-kvonu dəyişmək istəyir. Ona görə də Vyana görüşündən nəticə çıxamayacağı halda yaxın aylarda apreldəki döyüşlərin yenidən təkrarlanması ehtimalı artacaq. Cənubi Qafqazda böyük müharibənin qarşısının alınmasının yeganə yolu Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bunun alternativi yoxdur”.

"Prezidentlərin Vyana görüşü əvvəlki görüşlərin təkrarı olacaq”  - Zərdüşt Əlizadə
 


Siyasi şərhçi Zərdüşt Əlizadə Vyana görüşündən heç bir müsbət nəticə gözlənilmədiyi vurğulayıb: "Bu  sadəcə Rusiyanın təkidi ilə görüntü xatirinə keçirilən bir görüşdü. Heç bir tərəf heç bir güzəştə hazır deyil. Çünki bu güzəşti edəcək heç bir tədbir görülməyib. Ona görə də bu əvvəlki görüşlərin təkrarı olacaq. Əgər əvvəlcədən hər iki dövlət arasında razılıq olsaydı, bu görüşdən nəsə gözləmək olardı. Ancaq göründüyü kimi heç nə edilməyib. 5 rayonun qaytarılması məsələsinə gəlincə, heç bir yeni təklifin olacağını düşünmürəm. Ermənistan tərəfi Rusiyanın əmri ilə heç vaxt 5 rayonu qaytarmayacaq”.

"Vyana görüşü məsuldar ola bilər” – İlqar Vəlizadə
 


Politoloq İlqar Vəlizadə danışıqlar zamanı gözləntilərin həmişə olduğunu dedi: "Vyana görüşündən hansısa gözləntilər gözləmək mümkündür. Bugünkü görüşü digərlərindən fərqləndirən odur ki, Vyana görüşü aprel ayında cəbhədə baş verən gərginliyə görə təşkil olunub. Son vaxtlar iki ölkə arasında aparılan danışıqlar və səylər bu görüşü daha da məhsuldar edə bilər”.

Azərbaycan tərəfi Vyana görüşündən sonra iki ölkə arasında danışıqların məhsuldar olacağını düşünür. Ermənistan tərəfi isə Azərbaycanın əl-qolunu bağlamağla müharibə şansını minimuma endirib atəşkəs müddətini uzatmağa çalışır. Danışıqlar Minsk qrupunun mexanizmlərindən daha çox problemin həllinə köklənərsə, görüşdən müsbət nəticə gözləməyə dəyər.  Ancaq Minsk qrupunun fəaliyyətindən danışılacaqsa, Vyana görüşündən hansısa müsbət nəticənin əldə olunacağına ümid etmirəm" – deyə politoloq əlavə edib.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb