Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında Vilnüsdə keçirilən Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” sammitində imzalanan sənədlərə diqqət çəkib. “Sammitdə imzalanmış sənədlər Azərbaycan gəncləri üçün Avropanın qapılarını açıb və Avropanın təhsil sisteminə daha asan inteqrasiya etmək imkanı yaradıb. Yaxşı olardı ki, Milli Məclis Ali təhsil Haqqında qanun qəbul edərək Azərbaycanın ali təhsil sisteminin Avropanın ali təhsil sisteminə yaxınlaşmasına öz töhfəsini versin. Biz bu proseslə bağlı təcili, təxirəsalınmaz tədbirləri həyata keçirməliyik”.
Sonra millət vəkili Tarif Şurasının benzin və digər neft məhsullarının qiymət artımı ilə bağlı qərarının bir sıra problemlər yaradacağını qeyd edib. O, son dövrlər bölgədə gedən qarışıq proseslərin fonunda ölkədə gərginliyi artırmağın lazımsız olduğunu dilə gətirib. “Son dövrlərdə bölgədə kifayət qədər qarışıq proseslər gedir. İstər Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri, istərsə də Ukraynada baş verən proseslər kifayət qədər həssaslıq yaradır. Bu proseslərin fonunda ölkədə sosial gərginlik yaratmağa heç bir ehtiyac yoxdur. Enerji daşıyıcılarının qiymətlərini tədricən də qaldırmaq olardı” – deyən millət vəkilinin fikrincə, qiymətləri qaldırmazdan əvvəl aztəminatlı ailələrin sosial vəziyyətini nəzərə almaq lazım idi. “Əlilləri, aztəminatlı ailələri gələcək zəncirvari qiymət artımından sığortalamaq üçün, qalxan qiymətlərə adekvat olaraq müvafiq müavinətlər müəyyənləşdirməliyik. Elə etməliyik ki, bu kateqoriyadan olan adamlar qalxan qiymətlərdən əziyyət çəkməsin və cəmiyyətdə sosial gərginlik mövcud olmasın” – deyə A.Mollazadə bildirib.
ANN.Az