Avropa İnsan Haqları Komissarı Azərbaycan polisini ittiham edib

23:04 | 24.07.2023
Avropa İnsan Haqları Komissarı Azərbaycan polisini  ittiham edib

Avropa İnsan Haqları Komissarı Azərbaycan polisini ittiham edib

Bu gün Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova ünvanlanan məktubda Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ətraf mühitlə bağlı etiraz aksiyalarının dağıdılması və iştirakçıların həbsindən narahatlığını bildirib.

Komissar yazır ki, polisin etirazçılara qarşı qeyri-mütənasib güc və xüsusi iğtişaşlara nəzarət vasitələrinin tətbiqi insan haqlarının ciddi şəkildə pozulması idi.

O, hüquq-mühafizə orqanlarının hesabatlılığının və insan hüquqlarının təmin edilməsi üçün təlimlərin vacibliyini vurğulayıb.
 
Etirazların dinc xarakter daşıdığını nəzərə alaraq, Miyatoviç dinc etirazların dağıdılmasının hüquqi əsaslarının və əsaslandırılmasının aydınlaşdırılmasını, habelə ictimai asayişin qorunması üzrə milli protokola riayət olunmasını tələb edib.

Komissar vurğulayıb ki, etirazlardan sonra Söyüdlü kəndinə girişə qoyulan məhdudiyyətlər "yerli sakinlərin insan hüquqları, o cümlədən hərəkət azadlığı və şəxsi həyatın toxunulmazlığına hörmətlə bağlı ciddi narahatlıq yaradır”. O qeyd edir ki, bu tədbirlər həm də müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vəkillərin qanuni fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb.

O, bu tədbirlərin hüquqi əsasları və onların ifadə və dinc toplaşmaq azadlığının həyata keçirilməsində insan hüquqları standartlarına uyğunluğu, o cümlədən ictimai işlərdə iştirak hüquqları və ədalətli mühakimə təminatları haqqında məlumat istəyib.
 
Bir qrup kənd sakini sözügedən ərazidə yerləşən və daha çox qızıl mədəninin tullantıxanası üçün istifadə edilən süni gölə axıdılan təhlükəli kimyəvi maddələrin, xüsusilə sianid tərkibli suların bütövlükdə ətraf mühitə, həmçinin, bu regionun ekoloji vəziyyətinə, o cümlədən, bu ərazidə yaşayan insanların sağlamlığına ciddi mənfi təsir göstərdiyini əsas gətirərək etiraz aksiyası keçirmiş və bu aksiyanın əraziyə cəlb edilmiş polis qüvvələri tərəfindən qarşısı alınıb.
 
Dinc sakinlərlə polis qüvvələri arasında yaranmış qarşıdurma zamanı bəzi polis əməkdaşlarının kənd sakinlərinə, xüsusilə də, yaşlı qadınlara qarşı aşırı güc tətbiq edib, bir çox insan həbs olunub və kəndin giriş-çıxışlarında polis nəzarət məntəqələri qurulub. 
 
Yaranmış vəziyyətlə bağlı iyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə, Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərliyi ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. 
 
Daha sonra 2023-cü ilin 6 ayının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev polisin Söyüdlü kəndində baş verənlərdə Ekologiya və Təbii sərvətlər Nazirliyini qınayıb və polisin haqlı oduğunu vurğulayıbdır. 
 
N.Təbrizli 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM