“Axı hələ biz böyüməmişdik” - KÖŞƏ+FOTOLAR

12:00 | 25.05.2015
“Axı hələ biz böyüməmişdik” -  KÖŞƏ+FOTOLAR

“Axı hələ biz böyüməmişdik” - KÖŞƏ+FOTOLAR

Orxan Aslanlı

Bu gün Azadlıq prospektində yerləşən yaşayış binasının yanmasından 7 gün ötür. Baş verən faciə nəinki paytaxt Bakı sakinlərini, ümumiyyətlə bütün Azərbaycanı "penoplast” adlı təhlükədən qorudu. Nə yazıq ki, biz növbəti dəfə insan ölümündən sonra nəticə çıxardıq, 15 nəfəri dəfn etdikdən sonra digərlərinin qayğısına qalmağı yadımıza saldıq.

Artıq penoplastlı binaların üzlükləri tamamilə sökülüb. Təəssüf ki, bu təhlükəni biz bu cür ağrı-acılı halda deyil,  daha əvvəldən qarşısını almalı idik. Məgər adi təhlükəsizlik qaydalarının riayət olunması üçün bu qədər adamın qurban verilməsinə, balaca balaların canlarından olmasına ehtiyac vardımı?  

Hadisə baş verəndən sonra bəziləri rəsmi matəm elan olunmasını, bəziləri bir neçə vəzifə sahibinin, yüksək ranqlı məmurun işdən çıxarılacağını, bəziləri isə bu hadisənin qəsdən törədildiyinin, yəni terrorla əlaqələndiriləcəyini gözlədilər. Ötən 7 gün ərzində bunların heç biri olmadı, amma olan artıq olmuşdu - Fərəh, Ayxan, Ömər kimi mələk balalar dünyadan köçmüşdü, 15 ömür yarıda kəsilmiş, 15 ümid üzülmüşdü, minlərlə, milyonlarla arzular qırılmışdı. 

Bu günlərdə tez-tez istifadə olunan ifadələrdən biri də odur ki, belə hadisələrdən dərs götürək, yaxud dərs götürməliyik. Amma məni daha çox maraqlandıran odur ki, gərək hansısa hadisə öz başımıza gəlsin və bundan sonra ondan dərs götürək? Məgər dünyada azmı faciə baş verir? Hər gün yer Kürəsinin istənilən nöqtəsində insan fəlakətləri azmı olur? Məgər qonşunun faciəsi, dərd-səri, problemləri bizə dərs ola bilməz? Mütləq nəsə öz başımıza gəlməli, özümüz çamura batmalı, özümüz səhv etməli və onun acı nəticəsini dadmalıyıq? indən Bəlkədə bu hadisə bizlər üçün çox böyük dərs olmalıdır. Axı hansısa faciə öz başımıza gələndə buna dözmək, bunun acısına dayanmaq daha çətindir. Sanki gözləmədiyin bir anda kimsə səni arxadan uçuruma yuvarlayır. Və sən demək olar ki, yox olursan. 

Məlum hadisədən sonra həlak olanların xatirəsini yad etmək üçün yanmış binaya getdim. Günün gec saatları olmasına baxmayaraq, orda olanda  bina qarşısına gələnləri sayı yüzlərlə idi. Kimisi ölənlərin xatirəsini yad etmək üçün bina qarşısına gül dəstəsi qoyur, kimisi faciəli şəkildə ölən körpələrin nişanəsi kimi oyuncaqlar gətirir, kimisi də sadəcə dua edib gedirdilər. Amma bina qarşısında insan ürəyini dağlayan ən böyük mənzərələrdən biri kağız üzərinə yazılıb güllərin üzərinə qoyulan o cümlələr idi. Necə deyərlər insan həmin cümlələri oxuduqca bu dünyada yaşadığınada nifrət edir. Bir kağızda yazılan ifadələr isə daha dəhşətli idi: hadisə zamanı dünyasını dəyişən uşaqların fotoları əks olunan fotonun üzərində " Bu gecə təkmi yatacam ANA”, "Axı hələ biz böyüməmişdik”, "Axı niyə?” cümlələri insanın beynini tamimilə dumanlandırır. Bu ifadələri oxuduqca Mikayıl Müşviqin "Həyat Sevgisi” adlı şeirdən bir parça yadıma düşdü:

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Bəlkə də o balaca körpələr bizlərə bunları hayqıraraq deyirdilər, amma nə fayda? İndi o körpə Fərəh ailəsinin yanında deyil, soyuq torpaqlar altında uyuyur. 

Ümumiyyətlə, valideyn üçün balasından əziz, doğma ikinci kimsə ola bilməz. Balasının dırnağının qanamasına dözə bilməyən ata-analar indi bu dərdə necə dözəcək? Övlad bir az sıxıntı içərisində  olan kimi onu ən birinci ata-ana hiss edir. Bu cür sevgidən, bağlılıqdan sonra övlad itkisi haqqında insan heç təsəvvür belə etmək istəmir. Valideyn üçün bu dünyada ən böyük çarəsi olmayan dərdlərdən biri məhz övlad itkisidir.

Bəlkə də zaman keçdikcə hər şey unudulacaq. Bir neçə illərdən sonra demək olar ki, bu hadisə yalnız ildə bir dəfə – 19 may günləri xatırlanacaq. Amma dəyişməyən yeganə fakt odur ki, 15 ailə bu dağı sona qədər çəkmək məcburiyyətində qalacaqlar. O yanan bina da, daş da, kəsək də, yanan mebellər, ev əşyaları yerinə qayıdacaq, hətta it-bata düşən pullar, qızıllar da qayıdacaq. Dönməyən onlar olacaq – 15 nəfər.
 
Bu gün onların 7-dir. 

Allah rəhmət eləsin!
 
























 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM