"Ekstremal şəraitdə yaranan hər hansı problemin həllini həmin yerdə axtarmaq böyük yanlışlıqdır"-FOTOLAR

18:09 | 07.11.2015

"Ekstremal şəraitdə yaranan hər hansı problemin həllini həmin yerdə axtarmaq böyük yanlışlıqdır"-FOTOLAR

Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi (Ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)" layihəsi çərçivəsində növbəti tədbir baş tutub. 

ANN.Az xəbər verir ki, "Azeri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanov bu tədbirin gənc jurnalistlərə daha müsbət təsir göstərəcəyini vurğulayıb: " Ekstremal şəraitdə işləyəcək jurnalistlərə ilk öncə xoş danışmağı bacarmaq lazımdır. Çünki bu onlara gələcəkdə hərbi hissələrə gedərkən çox lazım olacaq. Gələcəkdə o vəziyyətlərlə qarşılaşarkən bu tədbirdə söylənilənləri bir daha özünüz görəcəksiniz. Ümumiyyətlə, bu layihədə gənclərin daha çox iştirak etməsi hərbi jurnalistikaya marağın artdığını göstərir.

Tədbirdə kursun iştirakçılarına polkovnik Aqil Hüseynov hava hücumundan necə müdafiə olunmasından, Azərbaycanla Ermənistanın hansı uçuş texnikalarına malik olmasından və onların müqayisəl təhlili ilə bağlı mühazirə söyləyib.

Ekstremal situasiyada çalışacaq jurnalistlərə daha sonra polkovnik leytenant Elvin Əzizov ordu ilə bağlı hazırlanan xəbərlərdə yol verilən qeyripeşəkarlıqdan söz açıb:" Ötən ildəki kimi verilən qeyri- peşəkar xəbərlər ilk öncə ordunun özünə mənfi təsir göstərir. Hadisəni olduğu kimi deyil, kiminsə söyləntiləri əsasında yayılması ötən ildəki hadisələrin daha da çox yayılması ilə nəticələndi. Bu layihə ümid edirik ki, bu cür qeyri-peşəkarlığı aradan qaldıracaq".

Polkovnik leytenant Rövşən Cəlilov jurnalistlərin ilk öncə hərbi hissə komandiri ilə görüşməli olduğunu vurğulayıb: " Bunun əsas səbəbi jurnalistlərin həmin ərazini yaxşı tanımaması və ehtiyat tədbirləri ilə əlaqədardır. Sonra hərbi hissə komandiri lazımlı yerlərə jurnalistin getməsinə şərait yaradacaq. Jurnalistlər ilk öncə hərbi qaydaları bilməlidirlər. Yəni manqa komandirinə yaxınlaşıb bölük haqqında məlumat almaq düz deyil. Buna görə bölük komandirinin yanına yaxınlaşmalısız.
Jurnalist cəbhəyanı bölgələrdən və ya ön xətdən xəbər hazırlayırsa, öncə məlumatın dəqiqliyinə fikir verməlidir. Çünki bu haqqda xəbər yazan jurnalist hər an arxa cəbhədə gözü yolda olan əsgər valideynlərini, hərbçi əzizlərini fikirləşməlidir. Çünki ən adi bir xəbər belə onları təlaş içinə sala bilər".

Tədbirin sonunda psixologiya elmlər doktoru, professor Rövşən Cavadov qələm adamlarına qarşıdakı adamların psixologiyasına daha yaxşı bələd olmağı məsləhət görüb: "Ekstremal şərait dedik kimliyindən, necəliyindən adılı olmayaraq insanın ölümlə həyat arasında qaldığı vəziyyət başa düşülməlidir. İnsanın başına gələ bilən ən çətin vəziyyətdir bu. Ona görə də bu şəraitlə üz-üzə qalan adamlar ən əvvəl psixoloji baxımdan hazırlıqlı olmalıdır. Ekstremal şəraitdə yaranan hər hansı problemin həllini həmin yerdə axtarmaq böyük yanlışlıqdır. Jurnalistlər daim belə vəziyyətlərdə özlərini itirməməli və hər bir situasiyadan çıxmağı bacarmalıdırlar. Nəticədə istədikləri məlumatları yaza, yaxşı yadda qalan və oxucuların da ürəyincə olan məqalələr, reportajlar hazırlaya bilərlər". 

Orxan Aslanlı
 
Foto müəllif: Fərqanə Novruzova
 
















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM