Qaynarinfo-nun xəbərinə görə, bu sözləri Kulis.az saytına müsahibəsində "Ayə hara gedirsən ayə?” parçası ilə son günlərin media qəhrəmanına çevrilmiş folk-rok ifaçısı Vüsal Rzasoy deyib.
"Düşünmürdüm ki, onlar buna ləhcə deyib, incisinlər. Bunu səmimi olaraq etmişəm. Mən insanlar arasında ləhcə fərqi yox, əlaqə görürəm. Bir xarici ilə söhbət edəndə tərcümə vasitəsilə onu anlaya bilirəmsə, onun da eyni insani hisslər keçirdiyini görürəmsə, insanlar arasında nəinki ləhcənin, hətta dilin belə fərqi yoxdur. Əsas olan insanların var olmasıdır. Məsələn, bir nümunə deyim, Litvada dörd böyük bölgə var. Onlar musiqilərini öz bölgələrinə uyğun oxuyurlar. Bu dörd ləhcə bir-birindən fərqlənir. Bu müxtəliflik çox gözəl səslənir. Amma onlar ortaq bir ləhcədə oxusalar, bu özəllik, bu yaxınlıq itəcək”.
Vüsal Rzasoy bildirib ki, musiqi hissiyyatı atasının çaldığı saz havaları ilə yaranıb.
"Sadəcə böyüdükcə özümdə olmayan bir şey axtardım, gitara aldım, rokla məşğul oldum. Gitara və rok mənim üçün bir əyləncə, bir sevgi, bir xoşbəxtlik, bir romantikadır. Amma müəyyən vaxtdan sonra baxdım ki, saz mənə özünüdərkə, öz içimə səyahət etməyə imkan verə bilir. Həmin o səs küyə səbəb olan ifa da bu hekayənin nəticəsidir. "Siddihartha”dan olan hekayəni qısa sözlərlə və ən inandığım və səmimi bir səslənmə ilə ötürmək... Həm də insanlar arasındakı fərqin olmamasını demək. Özünü intellektual sayan insanlara da deyirəm, ya da heç demirəm, düşünürəm ki, insanlar arasında intellektual fərq yoxdur. Sadəcə, var olmaq ən böyük həqiqətdir. Öz yaşadığını dərk etməkdən böyük həqiqət yoxdur. Və bu həqiqət olan yerdə, nə dil, nə ləhcə, nə intellektual, nə də ictimai fərq var. O nöqtədə bütün bu fərqlər yox olur. Mən də o nöqtədə dayanıb bu ifanı etdim. Məni insanların mənim oxuduğuma aqressiv münasibəti narahat etmir, özümün onlara münasibətim narahat edir. Bu münasibətin təmiz olması, sevgili olması mənə vacibdir”.
İfaçı həmçinin bildirib ki, "Ayə hara gedirsən ayə?” parçasından sonra bəzi layihələri təxirə salmışam.
"Öz ürəyimi birbaşa açmağa tərəddüd edirəm”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !