Bazar günü AFFA-nın keçirdiyi Region Liqasının "Gənclik” – "Füzuli” oyununda qalmaqal yaşanıb.
Oxu.Az xəbər verir ki, Sabirabadda keçirilən oyunun əlavə vaxtında baş hakim meydan sahiblərinin qapısına penalti təyin etdiyinə görə yerli azarkeşlər meydançaya daxil olub və hakimə fiziki təzyiq göstərməyə çalışıblar.
Nəticədə baş hakim briqadası ilə birgə stadionu tərk etməli olub. Bu anadək 1:1 hesabı qeydə alınmış görüş isə yarımçıq dayandırılıb. Böyük ehtimalla, sabah AFFA İntizam Komitəsi "Gənclik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verəcək.
İstənilən halda, bu məsələ ilə bağlı "Gənclik” komandasının rəhbəri Nadir Quliyevlə əlaqə saxladıq. Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi, eləcə də, Yeni Azərbaycan Partiyası Sabirabad rayon Təşkilatının sədri olan Quliyev baş hakimin qərarlarından narazı qaldıqlarını bildirib:
"Bu hakim qapımıza vurulan ilk qolda da penalti vermişdi. Amma həmin penaltidən narazı deyilik. Çünki doğrudan da, penalti vardı. Sonra biz hesabı gözəl bir qolla bərabərləşdirdik. Lakin hakim səbəbsiz yerə sarı vərəqələri paylamağa başladı.
Qrupdan çıxmaq üçün həlledici görüş olduğu üçün matçda prinsipiallıq çox idi. Hakimin yersiz qərarları azarkeşləri özündən çıxarırdı. Fasilədə ona yaxınlaşıb dedik ki, çalış, matçı tez qurtar, oyun yaxşı nəticələnməyə bilər.
Bu hakim isə I dərəcəli referi idi. II hissəyə lüzumsuz yerə üç dəqiqə əlavə vaxt verdi. Əslində, buna ehtiyac yox idi. Məhz həmin dəqiqədə qapımıza lazımsız bir penalti təyin etdi. Azarkeşlərimiz özlərini saxlaya bilməyib meydançaya daxil oldu. Bu hakimdən narazılığımızı artıq AFFA-ya bildirmişik”.
Image result for MÉrkÉz Regional Futbol Federasiyası Nadir Quliyev
Nadir Quliyev qeyd edib ki, stadionda 30-a yaxın polis əməkdaşı olub:
"Bizim əvvəlki oyunlarımızda da azarkeşlər meydançaya yaxın yerdən oyunu izləyiblər. Ancaq indiyədək belə bir problem olmamışdı. Çalışacağıq ki, növbəti turlardan təhlükəsizlik tədbirlərini çoxaldaq. Ümid edirəm ki, AFFA İntizam Komitəsi bu oyun və baş hakim haqda ədalətli qərar çıxarar”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !