"Ümid edirik ki, belə layihələrin, treninqlərin sayı artar və biz gənclər üçün də işləmək şansı daha çox olar” – bunu ANN.Az-a açıqlamasında Avropa Oyunları Akademiyasımım məzunu Roman Muradov deyib.
O, "Bakı – 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) BP şirkəti ilə birlikdə BEGOC tərəfindən təşkil edilmiş birillik təlim proqramının iştirakçısıdır və sertifikat alan 188 nəfər universitet məzunlarından biridir.
Roman Muradov "Bakı – 2015” Avropa Oyunları zamanı Bakı İdman sarayında "Badminton – Tennis” yarışları üzrə bilet şöbəsində menecer vəzifəsində çalışdığını deyib. Sertifikat aldığı üçün çox sevincli olduğunu qeyd edən Roman Muradov indi nə hisslər keçirdiyini sözlərlə ifadə edə bilmədiyini bildirib: "Çox sevinirəm. Həqiqətən, hər şey çox gözəl idi. Bundan əvvəl belə bir proqram ölkəmizdə aparılmayıb. Bu yenilik idi və mən çox qürur duyuram ki, bu keçirilən təlimlərdə iştirak edib "Bakı-2015” I Avropa Oyunlarının təşkil olunmasında, uğurla başa çatmasında mənim də payım var. Və belə bir kollektivin üzvü olduğum üçün də çox fəxr edirəm. Bütün bu kollektivdə iştirak edən və həmçinin mənimlə birgə sertifikat qazanan hər bir tələbəyə gələcəkdə böyük uğurlar arzulayıram”.
Roman Muradov ümid edir ki, belə layihələrin, treninqlərin sayı artar və bütün Azərbaycan gəncləri üçün işləmək şansı daha çox olar: "Gələcək həyatımda yəqin ki, BP şirkətində vakant yer olarsa, imtahan verib orada çalışmaqdan, onların kollektivi ilə bir arada olmaqdan çox məmnun olardım”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !