18-21 fevral tarixlərində Rusiyanın Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya Kuboku və "Rusiyanın Ümidi”-1 adlı Ümumrusiya yarışları keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, batut gimnastikası üzrə Azərbaycan yığma komandası bu yarışlarda geniş heyətlə təmsil olunub. Gimnastlarımız batut üzərində, tamblinq cığırında, həmçinin ikili mini-batutda müxtəlif yaş qrupları üzrə medallar uğrunda mübarizə aparıblar.
2017-ci ilin Dünya Yaş Qrupu Yarışlarının tamblinq cığırında qalibi Mixail Malkin Yaroslavlda da "qızıl”ı əldən buraxmayıb. Yarışlar çərçivəsində təşkil edilmiş "Rusiya-Azərbaycan Dostluq Kuboku-2018” adlı turnirdə hakimlərdən 79.200 xal alan Mixail Rusiyalı rəqiblərini geridə qoyaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib.
Tamblinq cığırında növbəti medalı komandamızın hesabına 11-12 yaşlı uşaqlar arasında çıxış edən Bilal Qurbanov yazdırıb. Final mərhələsində 59.800 xal toplayan gimnastımız bürünc medala layiq görülüb.
Bilalla eyni yaş qrupunda çıxış edən Hüseyn Əsədullayev 9-cu, bu yaş kateqoriyasında qızlar arasında yarışan Zeynəb Qasımlı 5-ci, 13-17 yaşlılar arasında isə Adil Hacızadə 14-cü yerdə qərarlaşıb.
Fərdi batut proqramında finala adlamağı bacaran Hüseyn Abbasov 11-12 yaşlı gimnastlar arasında 5-ci, Selcan Mahsudova isə 13-17 yaş kateqoriyasında 15-ci olub.
Qeyd edək ki, yığma komandanın üzvləri builki yeni çıxış proqramlarını ilk dəfə olaraq bu turnirdə nümayiş etdiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !