Azərbaycan milyarderi və müğənnini "qara siyahı"ya saldı

14:40 | 10.07.2015
Azərbaycan milyarderi və müğənnini

Azərbaycan milyarderi və müğənnini "qara siyahı"ya saldı

"Bu qondarma kriminal rejimin uğursuz "özünü reklam” cəhdindən başqa bir şey deyil"

Azərbaycan Xarici İşlər Nazirliyi daha iki nəfərin adını "qara siyahı"ya salıb. Lyubov Kazarnovskaya və German Sterliqovun adları XİN tərəfindən tərtib olunan arzuolunmaz şəxslər siyahısına daxil edilib.

ANS PRESS-in məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, ziddiyyətli bioqrafiyası olan Qerman Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirklu pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu yəqin ki bilməmiş deyildi: 

"Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri olan Şuşada "insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. "İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən bir milyondan artıq azərbaycanlının faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır".

Onun sözlərinə görə, G.Sterliqovun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə təxribatçı açıqlaması bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz "özünü reklam” cəhdindən başqa bir şey deyil. "KİV nümayəndələrini bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik".

KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri "arzuedilməz şəxslər” siyahısına daxil ediləcəklər".

Xatırladaq ki, rusiyalı biznesmen German Sterlinqov bir neçə gün öncə Rusiyadakı evini və biznesini qoyaraq Azərbaycanın işğal alçtında olan torpaqlarına köçüb. O, bura gəlməsini Qarabağın saf təbiəti ilə əlaqələndirsə də, əslində vəziyyət başqadır. Belə ki, iş adamın adının cinayətkar qrupu maliyyələşdirməkdə hallandırıldığı bəllidir. 

Vəkil mətbuatın Sterlinqovla bağlı BORN millətçilərinin işi ilə əlaqədar ola biləcək fərziyyələri belə şərh edib: "Yəqin Germanda Rusiyanı tərk etmək üçün hansısa kifayət qədər ciddi motivlər olub”.

G.Sterlinqov Qarabağa ailəsi ilə birlikdə gəlib. Burada onun həyat yoldaşı Şuşa xalça muzeyində öz moda evini açmaq üçün artıq fəaliyyətə başlayıb. 

Rusiyanın məşhur opera ifaçısı Lyubov Kazarnovskaya da Azərbaycanın razılığı olmadan Qarabağa gedib. ANS PRESS-in məlumatına görə, ifaçı orada musiqi kollecində ustad dərsləri verir. İfaçı erməni jurnalistə müsahibəsində hətta bildirib ki, "insanlar Qarabağa gəlməkdən qorxmamalıdırlar". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür