Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev

23:06 | 07.01.2025
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev

Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev

2022-ci ildən etibarən Azərbaycanın qaz ixracının coğrafiyasında ciddi dəyişikliklər baş verib. Əgər əvvəl Azərbaycan qazını 4 ölkə alırdısa indi onların sayı 12ə kimi artıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev  bildirib. 
 
"Bir sıra digər Avropa ölkələri ilə qaz tədarükü üzrə danışıqlar aparırıq. Bu ölkələr artıq qaz aldığımız ölkələrə yaxın olan dövlətlərdir. Düşünürəm ki, yaxın illərdə bu (qazın yeni ölkələrə tədarükü) mümkün olacaq",  - Əliyev bildirib. 
 
Onun sözlərinə görə,  Azərbaycan kifayət qədər qaz ehtiyatlarına malikdir. Bir neçə il əvvəl bu ehtiyatlar 2,6 trilyon kubmetr olaraq qiymətləndirilirdisə, bu gün yeni kəşflər və gələcək layihələr hesabına ehtiyatları daha çox olacaq.

2025-ci ildə Azərbaycan  deepgas  qazının hasilatını artırmağı  planlaşdırır.
 
"Abşeron yatağından qaz hasilatını artırmaq niyyətindəyik. Məqsəd bu yataqdan illik hasilatı 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırmaqdır. Bununla belə, əsas qaz mənbəyi hələ də Şahdəniz yatağı olacaq.  Azərbaycanda digər perspektivli layihələr də mövcuddur. Qarabağ, Babək, Asiman və digər yataqların reallaşdırılması ölkənin potensialını artıracaq.  Azərbaycan öz öhdəliklərinə ciddi yanaşır və Avropaya qaz tədarükünü artırmağa hazırdır. Bunun üçün Avropada mövcud interkonnektorların genişləndirilməsi və ya yenilərinin tikilməsi üçün əlavə investisiyalar tələb olunur" , - Əliyev bildirib. 
 
O həmçinin əlavə edib ki, Azərbaycan  Avropa İttifaqına qaz çatışmazlığı ilə mübarizə aparmağa kömək etməyə çalışır.
 
"Amma eyni zamanda Avropa banklarının fosil yanacaq layihələrini artıq maliyyələşdirməməsi kimi bir vəziyyətlə qarşılaşırıq. Belə çıxır ki, bir tərəfdən bizdən əlavə tədarük tələb edirlər, digər tərəfdən isə maliyyə resurslarımızı məhdudlaşdırırlar",  - o deyib. 
 
Əliyevin sözlərinə görə,  "yaşıl enerji"yə keçid fonunda ənənəvi yanacağın Avropa İttifaqında payı azalacaq.
 
"Buna görə də bir çox açıq suallar var və biz bu məsələləri Avropa rəsmiləri ilə müntəzəm məsləhətləşmələrdə müzakirə edirik. Əgər Avropa İttifaqının bizdən daha çox qazı lazımdırsa, onlar da öz üzərlərinə düşən işləri görməlidir. Biz öz işimizi görürük, onlar da öz işlərini görməlidirlər",  - Əliyev deyib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM